• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1614
— 18.05.2023 20:11

Apteklərdə bəzi dərmanlar tapılmır

KepezTV Player

Sakinlər bütün günü əllərində resept aptekləri gəzir. Amma axtardıqlarını ya tapmırlar, ən yaxşı halda isə əvəzedicisini almaq məcburiyyətində qalırlar. Söhbət sinir-əsəb və ürək qan-damar dərmanlarından gedir. Tapılmayan dərmanların isə alternativlərinin qiymətində artım var. 

Gün ərzində əsəb, sinir eləcə də ürək-damar xəstəliklərindən əziyyət çəkən vətəndaşlar müalicə üçün axtardıqları dərmanları tapmaqda çətinlik çəkirlər. Apteklərdən yox olan dərmanlar çarəsizlik yaradır.

Saləddin Abbasov- sakin: “İndi dimeksit axtarırdım, o da yoxdur, tapa bilmədim. Həkimlə məsləhətləşəcəm, nə desə, onu axtaracam”.

Novruz Cəfərov- sakin: “Beyin üçün axtardığım dərmandır. Heç bir aptekdə tapmaq qeyri-mümkündür”.

Mansur Ağayev- sakin: “Sinirlə bağlı dərmanlar lazımdır Aptekləri gəzirik. O da apteklərdə olmur”.

Apteklərdə dərmanların tapılmaması əczaçıların da işini çətinə salır. Çünki, müraciət edən vətəndaşa dərman verə bilməyən əczaçılar yenidən həkimlə danışıb, onu əvəz edənlərini təklif edirlər.  Bu da vaxt itkisi və narazılıq yaradır. 

Səyyaf Məmmədov- əczaçı: “Xəstələrdə buna narazılıq yaranır ki, yox, həkim mənə nə yazıb, onu verin. Allaperdok tabletka yoxdur mən həkimlərlə danışıram ki, olarmı bunu iynəsi ilə əvəzləyək? Bəzisi razılaşır, bəzisi də razılaşmır. Çalışırıq ki, bu dəqiqə dərmanların olmayanını başqa dərmanlarla- eyni sinonimli dərmanlarla əvəzləyək və xəstə bizdən narazı getməsin. Dərmanların gəlməməyinin əsas səbəbi Rusiya ilə Ukrayna arasında olan müharibədir. Yolların bağlı olmasıdır”.

Həsənova TITLE- əczaçı: “Əsəb dərmanlarıdır, ürək üçün olan dərmanlardır, onu da verəndə az-az verirlər və o da çatmır. Ekstrakt valerian dərmanıdır, az verirlər, çatmır. Uşaqlar üçün qızdırma salan dərmanlar olan Nurafen verirlər, 6 dənə verirlər, bu da böyük aptek üçün azdır. Bunu da iki saata satırıq. Biz onu kimyəvi tərkibli dərmanla təklif edirik ki, bunu verə bilərik. Rusiyada, Ukraynada müharibə gedir. Həm keyfiyyətcə həm də qiymətcə oradan dərmanlar yaxşı gəlirdi. Əhali də onu ala bilirdi”.

Tapılmayan dərmanlar əsasən Rusiya və Ukrayna istehsalıdır.  Onları əvəz edən Avropa istehsalı olanların isə qiyməti cibə uyğun deyil.

Elnur Vahidoğlu