Həyat bütün mərhələləri ilə gözəldir. Xəyallarını yaşayarkən də, onlara çatmaq üçün çalışarkən də. Çünki, çətinliklər öyrədicidir. Doğrular unudulmur, səhvlər isə öyrənilir!
Həyatın bu dərs verən sisteminin bariz izahı da, yəqin ki, imtahanlardır. “Həyat bir imtahandır” desələr də, abituriyentlər üçün hazırda qəbul imtahanı həyəcanı həyatlarının mərkəzinə çevrilib. Onlar gələcəkləri naminə yaşadıqları bu həyəcan və stresslə başa çıxmağa çalışırlar.
Şəbnəm Quliyeva– şagird: “Tez həyəcanlanan biriyəm. İstəyirəm ki, bu stressi, həyəcanı üzərimdən tez atım. Belə fikirləşirəm ki, birdən imtahandan az bal yığaram və yaxud da qəbul ola bilmərəm. Bu hisslər, düşüncələr var”.
Nazənin Mamedova- şagird: “3 ildir ki, universitetə hazırlaşıram. Bu yolda əzmkarlıq göstərmişəm. Əziyyətlər çəkmişəm. Uğur əldə etməyi fikirləşirəm. Düzdür, stress var. Ancaq istəmirəm, bu stress nəticəsində uğurumdan geridə qalam. Çəkdiyim əziyyəti, müəllimlərimin əziyyətini gözə alaraq bu stressi içimdə boğmağa çalışıram”.
Əgər ortada narahatlıq doğuran bir məsələ varsa, onunla savaşmağın da mütləq bir yolu olmalıdır. Sadəcə axtarmaq lazımdır.
Aydan İsgəndərova- şagird: “Stressim olur, düzdür. Təbii ki, bu, normaldır. Sadəcə istəyirəm ki, boş vaxtlarımda başımı nə iləsə qatım, həmin stressi yaddan çıxarım. Əsasən, bədii əsərlər oxumağa üstünlük verirəm. Daha sonra təbiətdə vaxt keçirməyi xoşlayıram”.
Şəbnəm Quliyeva- şagird: “Sözsüz ki, 11-ci sinifdə imtahana hazırlaşan hər kəsdə imtahan stressi ola bilər. Amma stressimi atmağa çalışıram. Boş vaxtlarımda mahnıya qulaq asmağı sevirəm. Bu, məni sakitləşdirir”.
Nazənin Mamedova- şagird: “Başımı qatan bir məşğuliyyətlə məşğul olmağa çalışıram ki, çox özümə qapanmayım, stressə qapılmayım. Bunun üçün müəllimlərim də, valideynlərim də böyük dəstək göstərirlər”.
Uğursuzluq, gözləntiləri boşa çıxarmaq, arzularına birdəfəlik əlvida demək qorxusu və onun gətirdiyi məsuliyyət duyğusu imtahanlara hazırlaşan bir çox şagirdi narahat edir. Onlar qayğı və anlayışa hər zamankından daha çox ehtiyac duyur.
Elşən Həmidov– valideyn: “İmtahanqabağı müddətlərdə çalışıram, ümumiyyətlə, övladımı yormayım. Uşağın üstünə çox gedəndə uşaqda müəyyən fikir formalaşır, təzyiq altında olur. Bütün valideynlərə səslənərdim ki, imtahanqabağı uşaqları ilə tam səmimi olsunlar. Onları dinləməyi bacarsınlar. Ümumilikdə dəstək olsunlar. Yaxşı nəticələr əldə etmək üçün bu, mütləqdir”.
Bəzən uğur və anlayış da bəs etmir. İnsana hədəf lazımdır. Ən doğru olanı seçmək isə bu yerdə xüsusi əhəmiyyət daşıyır. Çünki, düzgün ixtisas və universitet seçimi etmək abituriyentin bütün gələcəyini dəyişə bilər.
Şəbnəm Quliyeva- şagird: “Məktəb cəhalət dərdinin dərmanı, mərifət bağının xiyabanıdır”, burada mənim hisslərim çox yaxşı tərənnüm olunub. Və zəhmətdən söz düşmüşkən, belə bir şey də deyə bilərəm ki, insan qarşısına hədəf qoyursa, hədəfə çatmaq üçün məqsəd, məqsədə çatmaq üçün isə zəhmət lazımdır”.
Aysel Abbasova
- Baxış: 395