Bəli, mən də bir çox gənclər kimi sosial şəbəkə istifadəçisiyəm. Amma hələ də düzgün istifadə etməyi bacarmayanlardanam. Bəs gənclərimiz bu platformalardan nə qədər düzgün istifadə edirlər, gəlin elə müsahibimizdən soruşaq.
Amil Həbibli- sosial şəbəkə istifadəçisi: “Bu sualı mənə həm ətrafım, həm də ailəm çox verir. Telefonla boş-boş oynayıb, ya da sosial şəbəkələrdə çox vaxt keçirdiyimi düşünürlər. Bunun mənim üçün ziyanlı olduğundan danışıb, həmişə məsləhət verirlər. Təbii ki, düzgün istifadə etməyəndə ziyanı ola bilər, amma mən düzgün istifadə etdiyimi düşünürəm. Telefonda özümü inkişaf etdirmək üçün bir çox kurslara qoşuluram, online kitablar oxuyuram, dil biliyimi inkişaf etdirmək üçün təlimlərdə iştirak edirəm, yeni dostlar tapıb onlarla ünsiyyət qururam, hətta bəzən xarici ölkələrdən belə yeni insanlarla tanış oluram. Ondan əlavə, az da olsa öz gəlirimi əldə etmək üçün bəzi online işlərlə məşğulam və demək olar özümün kiçik biznesimi qururmuşam. Bunları telefonda etməklə həm vaxt qazanmış oluram- yollarda çox vaxt itirmirəm, həm də maddiyat baxımından qənaət edirəm”.
Həyatımızın mühüm tərkib hissələrindən biri də sosial şəbəkələrdir. Hansı ki, onların faydalı yönləri qədər ziyanlı tərəfləri də var. Bundan da ən çox gileylənən valideynlər olur. Elə gəlin Cəlalə xanımdan soruşaq görək, sosial şəbəkələrin gənclərə nə kimi ziyanı var?
Cəlalə Şirinova- valideyn: “Bir valideyn olaraq, bütün analar kimi hər zaman övladımın yaxşılığını düşünürəm. Hansısa pis vardişi ya da xəstəliyi olmaması üçün əlimdən gələni etməyə çalışıram. Son zamanlar isə gənclər, elə mənim uşaqlarım da daxil olmaqla vaxtlarının çoxunu telefonla, sosial şəbəkələrdə keçirirlər. Bu hal məni çox narahat edir. Çünki uşaqlar evə qapanır, sosiallaşmır, heç kimlə ünsiyyət qurmur. Bəzi vaxtlarda çox aqressiv olurlar, bundan əlavə telefonun şüası bəzi xəstəliklərin yaranmasına səbəb olur, gözlərində qızartı, zəiflik yaradır, onurğa əyrilikləri meydana gəlir. Məncə sosial şəbəkələr insanların, xüsusilə də gənclərin həyatdan, insanlardan uzaqlaşmağına səbəb olur”.
Əgər günümüzün tələbi sosial şəbəkələrdir və biz də istifadəçiləriyiksə onda bundan ən doğru şəkildə istifadə etməyi bacarmalıyıq ki, nə bizə ziyanı olmasın nə də zəmanənin tələbindən geri qalaq.
Lalə Sadıqova
- Baxış: 270