• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 851
— 16.05.2023 20:06

Kollec tələbələrinə hərbi xidmətdən möhlət hüququ verilsin!?

KepezTV Player

Ali məktəblərdə əyani təhsil alan oğlan tələbələr, həqiqi hərbi xidmətdən möhlət hüququ əldə edə bilsə də, kollec tələbələri barədə bunu demək olmur. Bu hüququn onlara verilməməsi narahatlıq yaratmaqla, təhsildən yayınmaq və plan yerlərinin boş qalmasına səbəb olur. Mövzu ilə bağı süjetimizi təqdim edirik. 

Millət vəkili Naqif Həmzəyevin bu təklifi kollec tələbələri tərəfindən birmənalı müsbət qarşılanıb. Onlar təhsillərini yarımçıq qoyub hərbi xidmətə getdikdə müəyyən çətinliklərlə üzləşəcəklərini bildirirlər. Tələbənin təhsil müddəti üçün möhlət hüququnun verilməsi təklifi yalnız on birinci sinifdən sonra kollecə daxil olan gənclərə aiddir. Orta ixtisas təhsili almaq istəyən 9-cular təhsillərini başa vuranadək hərbi xidmətdən azaddırlar.

Murad Kərimov- tələbə: “11-ci sinifdən bura qəbul olmuşam. Artıq 1 ildir burda təhsil alıram. Yaşım sentyabrda tamam olur. Məcburam əsgərliyə gedim, sonra gəlim. Gələndən sonra da adam işləmək istəyir. Artıq oxumağa, təhsilə həvəs qalmır. Ona görə də saxlasalar daha yaxşı olar”.

İsrafil Mayılov- tələbə: “Burda elektrik təchizatında oxuyuram. 11 illikdən gəlmişəm. Bizi 1 ildən sonra aparırılar. Aparmasalar lap yaxşı. 9 illikləri aparmırlar. Onlara möhlət verilir. İstəyərik, bizə də möhlət verilsin”.

Elm və təhsil naziriliyi tərəfindən orta ixtisas təhsili müəssisələrində oxuyan tələbələrə hərbi xidmətdən möhlət hüququnun verilməsi ilə bağlı təklif Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə və digər adiyyatı qurumlara göndərilib. Müraciətdə bildirilir ki, tam möhlət hüququ verilməsə də, ən azından tələbələr proqramı bitirdikdən sonra hərbi xidmətə getsinlər. Ekspertlər deyir ki, qanun qəbul ediləcəyi təqdirdə kollec təhsilinə olan maraq arta bilər.

Kamran Əsədov- təhsil eksperti: “Onların da yaşından asılı olmayaraq hərbi xidmətdən bəzi möhlət almasını təmin etməliyik. Çünki onlar ali təhsil almaq istəyirlər. Biz kollec məzunlarına möhlət hüququ verəndə, onlar ali təhsil müəssisələrinə qəbul olmaq imkanına malik olacaqlar və bu da həm ali təhsil müəssisələrinin qəbul plan yerlərinin dolmasına müsbət təsir göstərəcək, eyni zamanda ölkədə ali təhsilli insanların sayına öz təsirini göstərəcək. Bu gün Azərbaycan ordusu kifayət qədər güclüdür. Və hesab edirəm ki, onların daha yaxşı mütəxəssisə ehtiyacı var. Yəni biz həmin şəxslərə müəyyən müddət möhlət hüququ verməklə Azərbaycan ordusunda ciddi bir əsgər sayında, resursda itkiyə məruz qalmırıq. Çünki kollec məzunu şəxslərin sayı elə də çox deyil”.

Ekspertlər bu sahədə tənzimləyici tədbirlərin görülməsini mütləq sayır. Çünki, təhsilalanın adaptasiyası və psixoloji vəziyyəti təhsili eyni formada davam etdirməyə imkan verməyəcək. Həmçinin, kolleclərdə təhsil alan tələbələrin sadəcə 14 faizini oğlanlar təşkil edir. Onlara da bu güzəştin tətbiq edilməsi elə də ciddi bir problem yaratmayacaq.

Aişə Rzayeva