Gəncədə kikboksinq üzrə açıq şəhər birinciliyi keçirilib. Yarış vaxtsız həyatını itirən tanınmış kikboksinqçi Elnur Alıyevin xatirəsinə həsr edilib.
Yarışın rəsmi hissəsində mərhum idmançının karyerası ərzində bir sıra nailiyyətlərə imza atdığı, 3 qat dünya və 15 qat Azərbaycan çempionu olduğu diqqətə çatdırılıb. Eyni zamanda, Elnur Alıyevin bu idman növünü inkişaf etdirilmək üçün Gəncədə məşqçi kimi də fəaliyyət göstərdiyi vurğulanıb. Açılışdan sonra döyüşlər başlayıb. Uşaq, yeniyetmə və gənclər arasında keçirilən açıq birincilikdə 250-dən çox idmançı bacarığını göstərib.
Açıq xarakterli olduğundan yarışda Nizami yurdu ilə yanaşı, 20-yə yaxın şəhər və rayondan olan kikboksinqçilər də qüvvəsini sınayıb. Ümumilikdə birincilikdə 42 çəki dərəcəsində qaliblər müəyyənləşib.
Yarışın sonunda fəxri yerləri tutan idmançılar medal və diplomla, qalib kikboksinqçilər isə həm də kubokla mükafatlandırılıblar.
- Baxış: 441