• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1163
— 21.04.2023 10:40

Qidalanma və pəhrizdə doğru bildiyimiz yanlışlar

KepezTV Player

Sağlam olanın ümidi, ümidi olanın hər şeyi var, deyiblər. Düzgün qidalanma da sağlamlığın təməl prinsipidir. Davamlı inkişafı, cəmiyyətin sağlamlığı olmadan təsəvvür etmək mümkün deyil.  

İngiltərə alimlərinin hesablamalarına görə, 1980-ci ildən bu günə qədər piylənmədən əziyyət çəkən insanların sayı 4 dəfə artaraq, təxminən 1 milyarda çatıb. Azərbaycanda isə aparılmış araşdırma göstərir ki, 60%-ə yaxın əhali artıq çəkidən əziyyət çəkir. Orqanizmimizdə yaranan bu qədər problemin qaynağı isə düzgün qidalanmamaq və hərəkətsiz həyat tərzimizin olmasıdır. Bəs insanlar qidalarında nəyə diqqət etmir ki, bu hal ilə üzləşirlər?

Təranə Haqverdiyeva- aşpaz: “Mən uzun zamandır bu işlə məşğulam və insanların sifarişlərinə görə diqqət edirəm ki, heç də düzgün qidalanmırlar. Əsasən yağlı, kalorili, duzlu yeməklərə çox üstünlük verirlər. Demək olar günorta da, axşam da yağlı ət yeməkləri, plovlar, dolma kimi ağır qidaları seçirlər və sağlam qidalanmaq normasını tənzimləmirlər. Bəzi müştərilər sağlam qidalara, salatlara üstünlük versələr belə, bu cür insanların sayı çox azdır. Məncə, yemək prinsipini elə tənzimləmək lazımdır ki, piylənmə, artıq çəki kimi problemlər yaranmasın. Bu, həm də sağlamlıq üçün böyük  fəsadlar törədə bilər”.

Artıq çəkidən əziyyət çəkənlər dünyada 5-ci dərəcəli ölüm riskinə aid edilirlər. Piylənmə və onun gətirdiyi xəstəliklər bu qədər aktual olarkən, insanların bundan xilas olmaq üçün yollar axtarması da normaldır. Amma bəzən seçdiyimiz bu üsullar səhv olur və pis nəticələnə bilir. Bundan istifadə edənlərdən biri də müsahibimizdir. Özündən soruşaq, görək o, arıqlamaq üçün nələri sınayıb?   

Durna Məmmədova- Artıq çəkidən əziyyət çəkən: “Mən, bir müddətdir artıq çəkidən əziyyət çəkirdim, düzdür, çox böyüdüləcək çəkim olmasa da, özümdə bu vəziyyəti kompleks halına salmışdım. Bu çəkini atmaq üçün mütəxəssislərə müraciət etmədən də, çəki atmağı bacara biləcəyimi düşünüb, bir çox üsuldan istifadə etməyə qərar verdim. Sosial şəbəkələrin birində bir səhifə izləyirdim və orada müxtəlif arıqlama üsulları ilə bağlı paylaşımlar var idi. İstədiyim nəticəni əldə edəcəyimi düşünüb, bu üsulları sınamağa başladım və bir müddət sonra heç bir nəticə vermədiyini gördüm. Üstəlik də orqanizmimdə bir çox problemlər yarandı, hətta sağlamlığımın pozulmasına gətirib çıxardı. Yenidən sağlamlığımı düzəltmək üçün həkimlərə müraciət etdim, amma arıqlamaq üçün hələ də yollar axtarıram və burdan mütəxəssislərə müraciət etmək istəyirəm ki, məni düzgün yönləndirsinlər”.

Hər bir insanın özünəməxsus gözəlliyi var. Bunu görmək və sağlamlığımıza zərər vermədən ortaya çıxarmaq bizim öz əlimizdədir. Çünki, həyatda sağlamlıqdan daha qiymətli heç nə yoxdur.

Lalə Sadıqova