Teatr, Şekspirin də dediyi kimi, “insanı insana bağlamaq, insanla insanca danışmaq” sənətidir. Biz də teatr üçün keçmiş və ya gələcək, olmuş ya da ola biləcək, yaxud da tamamilə xəyali hadisələrin izləyicilər önündə canlandırılması sənəti olduğunu deyə bilərik. Azərbaycanda teatr sənətinin kökləri xalqın fəaliyyəti, məişəti, şənlik və toy ənənələri, həmçinin dünyagörüşü ilə bağlıdır. Elə məhz bu səbəbdən teatrın təşəkkülündə xalq teatrının əhəmiyyətli rolu olub. Azərbaycan teatrının tarixi M.F.Axundovun 1873-cü ilin mart və aprel aylarında Bakıda səhnəyə qoyulan "Lənkəran xanın vəziri" və "Hacı Qara" tamaşalarından başlanır. Şübhəsiz, teatrlarımızın yeni inkişaf yoluna çıxmasında daim mədəniyyət və incəsənətin böyük hamisi kimi bu sahədə çalışanların sonsuz rəğbətini qazanmış Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin xidmətləri misilsizdir.
“Mən həmişə teatra yaxın və bağlı olmuşam. Bu, ötəri hiss deyil, içimdən gələn bir məhəbbətdir”. Bu fikirləri söyləyən ulu öndər Heydər Əliyevin daha sonra teatrla bağlı siyasətini hazırda Azərbaycan Prezidenti İlham Əliyev uğurla davam etdirir.
Mədəniyyətə və incəsənətə verilən dəyərin nümunəsidir ki, ümummilli lider Heydər Əliyevin 100 illik yubiley tədbirləri çərçivəsində 10-11 aprel 2023-cü il tarixlərində “Azərbaycan teatrı – 150: İnkişaf perspektivləri” mövzusunda Teatr forumu keçirildi. Forumda nazirlik rəsmiləri, tanınmış teatr xadimləri, incəsənət nümayəndələri, xarici qonaqlar və jurnalistlər iştirak ediblər. Əvvəlcə 150 illik tarixi olan Azərbaycan peşəkar milli teatrının keçdiyi inkişaf yolundan bəhs edən videoçarx nümayiş olunub. Forumun əsas məqsədi, teatr adamlarını bir araya gətirmək, bu sahənin daha da inkişafı üçün bu platformadan istifadə etməkdir. Uzun zaman idi peşəkarların bir araya gəlib, problemləri sistemli və doğru-düzgün müzakirə etməsi üçün belə şərait yaranmayıb.
Daha sonra, Mingəçevir Dövlət Dram teatrının 55 illiyi bağlı keçirilən festivalda bir çox görkəmli teatr xadimləri iştirak ediblər. Onlardan biri də xalq artistimiz olan Ella xanım iştirak etdiyi tamaşaların biri ilə bağlı öz təəssüratlarını bizimlə bölüşdü.
Yaqubova Ella- Azərbaycan Respublikasının Xalq artisti: “Hüseyn Cavid Azərbaycanın, ölkəmizin azadlıq carçısı olan bir yazıçısı olub. Bu teatr bu əsərə iki dəfə müraciət edib. Birinci dəfə təxminən 20-25 il bundan əvvəl Zülfüqar Abbasovun quruluşunda Hüseyn Cavidin “Ana” tamaşası hazırlanıb. 2013-cü ildə Sumqayıt Dövlət Dram teatrının baş rejissoru Firudin Məhərrəmov bu teatra dəvət olundu və biz yenidən Hüseyn Cavidin “Ana” əsərinə müraciət etdik. Tamaşa böyük uğurla nəticələndi və hər ikimiz “Qızıl Dərviş” mükafatına layiq görüldük. Bu cür çətin obrazı yaratdığım üçün qürur duydum”.
Ruhumuz sənətlə yüksəklərə qalxır, incəsənəti isə ancaq böyük ruha sahib insanlar yaradır. Yaradaq və yaşadaq ki, qəlblərimiz mədəniyyətin gətirdiyi rifah və sevgi hissi ilə dolsun. Teatr səhnələrimiz həmişə alqış səsləri ilə aydınlansın.
Lalə Bağırova
- Baxış: 311