Azərbaycan Prezidenti İlham Əliyev Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Laçın rayonuna təyin olunan xüsusi nümayəndəsini qəbul edərkən bu il laçınlı ilk ailələrinin öz dədə-baba torpaqlarına qayıdacaqları ilə bağlı şad xəbər verdi. Bu xəbərə şübhəsiz ki, ən çox sevinənlər elə laçınlıların özü oldu. Gəncədə yaşıyan belə ailələrdən biri öz sevinclərini bizimlə bölüşüblər.
Gəncədə 1 nömrəli qəsəbədə müvəqqəti məskunlaşan Ədilovlar ailəsi də bu il öz ata-baba yurduna - Laçın şəhərinə köçən ilk ailə olacaq. 30 ildir ki, doğma yurd-yuvalarından didərgin düşən bu ailənin indi sevincinin həddi-hüdudu yoxdur. Çünki, illərdir ki, gecə-gündüz həsrət ilə yaşadıqları, yuxularından belə çıxmayan doğma elə qayıdacaqları günün astanasındadırlar. Yol üstündə olan ailənin Laçın şəhərində olan evi dövlət tərəfindən əsaslı təmir edilir.
Laçından çıxanda 34 yaşı olan Əli dayı deyir ki, bu il onun 65 yaşı tamam olur. Yubiley ad gününü ailəsi ilə birlikdə Laçında keçirəcək Ədilovun indi qulağı səsdə, gözü yoldadır. Hər qapı döyüləndə elə bilir ki, onları ata-baba yurdlarına aparmağa gəliblər. Riyaziyyat müəlliməsi olan həyat yoldaşı Şərqiyyə xanım da Laçına qayıdacağı günü səbirsizliklə gözləyir. Onun indi ən böyük arzusu yenidən doğma məktəbində işləməkdir.
Bu ailə üçün həm də Laçın torpaqları xüsusi bir önəm daşıyır. Çünki, birinci Qarabağ müharibəsində Laçın uğrunda gedən döyüşlərdə qəhrəmancasına döyüşən Əli Ədilov kimi oğlu da 44 günlük vətən müharibəsində vuruşaraq Qubadlı, Cəbrəyıl eləcə də Laçın uğrunda böyük igidliklər göstərib. İndi bu ailə alnı açıq, üzü ağ yurd-yuvasına qayıdır. Qalib ölkənin, qalib ailəsi kimi.
Elnur Vahidoğlu
- Baxış: 207