Cüdo üzrə yeniyetmələrdən ibarət millinin tərkibində Avropa kubokunda iştirak edən gəncəli tatami ustası Fərid Qarayev mükafatçılar sırasına düşə bilib. Bu, idmançının cari ildə ikinci uğurudur.
Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən yarışa yığma komandamız ayrı-ayrı çəkilərdə 60-dan çox cüdoçu ilə qatılıb. Açıq xarakterli olan Avropa kubokunda müxtəlif ölkələri təmsil edən ümumilikdə 1000-dən çox kimonoçu mübarizə aparıb. Gəncə cüdo məktəbinin yetirməsi Fərid Qarayev yarışda 55 kq çəkidə tatami üzərinə çıxıb. Nizami yurdunun cüdoçusu Zaqrebdə 6 görüş keçirib. Finalın bir addımlığında büdrəyərək komandamıza bürünc medal qazandırıb.
Fəridin çıxışı haqda danışan şəxsi məşqçisi Hüseyn Allahverdiyev yetirməsinin nailiyyətini qənaətbəxş hesab etsə də, cüdoçudan daha böyük uğurlar gözlədiyini söyləyib.
Fərid Qarayev gələn ay daha bir Avropa kubokunda iştirak edəcək. İdmançı bu dəfə Çexiyada qüvvəsini sınayacaq. Ardınca isə Gəncə cüdoçusu Göygöldə ilk dəfə təşkil ediləcək yeniyetmələrin Avropa kubokuna qatılacaq.
- Baxış: 653