Azərbaycan-Albaniya münasibətləri prezident İlham Əliyevlə albaniyalı həmkarı Bayram Beqay arasında müzakirə olunub. Dövlət başçısı X Qlobal Bakı Forumu çərçivəsində keçirilən milli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş xüsusi sessiyada iştirak etmək üçün gəldiyinə görə albaniyalı həmkarına təşəkkür edib. Görüşdə Azərbaycan ilə Albaniya arasında dostluq və tərəfdaşlıq münasibətlərinin olduğu vurğulanıb. Ölkələrimizin beynəlxalq təşkilatlar çərçivəsində uğurlu əməkdaşlığı və qarşılıqlı dəstəyi yüksək qiymətləndirilib. Söhbət zamanı enerji sahəsində əməkdaşlıq, iqtisadi-ticari əlaqələrin genişləndirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb, Azərbaycanın Albaniyada səfirliyinin yaradılması, həmçinin Albaniyanın Azərbaycanda səfirliyini təsis etməsi ikitərəfli münasibətlərin inkişafı baxımından müsbət addım kimi dəyərləndirilib. Yüksək səviyyəli qarşılıqlı səfərlərin və təmasların bundan sonra da davam etdiriləcəyi bildirilib.
- Baxış: 283