• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 784
— 23.02.2023 12:25

İşğaldan azad edilən ərazilərdə ekologiya bərpa edilir

KepezTV Player

Mənfur qonşularımız olan ermənilər 30 il işğal dövründə yurd-yuvalarımızı dağıtmaqla yanaşı, təbiətimizə qarşı da ekoloji terror törədib. Flora və faunamızı məhv ediblər. Sevindirici haldır ki, 44 günlük qələbədən sonra bu sahədə də ciddi irəliləyişlər baş verir. Yeni meşə massivləri salınır, təbiətə vurulan ziyanlar aradan qaldırılır. Respublikamızda fəaliyyət göstərən media nümayəndələri Cəbrayıl və Zəngilanda olan ekoloji bərpa ilə yerlərində tanış  olublar. O ərazilərə ezam olunan əməkdaşımız Elnur Vahidoğlu da ekoloji bərpa ilə bağlı süjet hazırlayıb.

Cəbrayıl rayonunun işğaldan azad edilən bu ərazilərində ANAMA tərəfindən minalar təmizlənilib. Təxminən 76 ha ərazidə Dostluq meşəsi layihəsi həyata keçirilib. Bu ərazidə də 63 mindən çox tingin əkilməsi planlaşdırılır.

2021-ci ildə qəbul edilən Azərbaycan-Türkiyə Qarabağ Tədbirlər Planına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərdə bir sıra ikitərəfli işlərin həyata keçirilməsinə başlanılıb. Həmin işlərdən biri də Cəbrayıl rayonu ərazisində həyata keçirilir. Burada ilk olaraq terasların salınması işləri aparılır. “Dostluq meşəsi" və teraslarla yanaşı 8 ha ərazidə ağıllı tinglik sahəsi yaradılır. Tinglik Türkiyənin tingyetişdirmə metodları ilə salınıb. Burada ildə 2 milyon ting yetişdiriləcək və Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında meşəsalma və meşəbərpa işlərində istifadə olunacaq. Media nümayəndələrinin iştirakı ilə bu ərazidə yerli iqlimə uyğun olan yeni tinglərin əkilməsi də ekoloji tarazlığı qorumaq baxımından əhəmiyyətli olub.

Həmçinin, media nümayəndələri Dostluq meşəsinə yaxın əraziyə ölkə başçı tərəfindən buraxılan ceyranların olduğu yerdə də olublar. Burada jurnalistlərə ceyranların reintraduksiyası layihəsi barədə məlumat verilib.

Bura Cəbrayıl rayonunun işğaldan azad edilən ərazilərdən biridir. Bu ərazidə işğaldan əvvəl çoxlu ceyranlar olub. Məhz elə bunun üçün də ötən ilin oktyabr ayında bu əraziyə 33 baş ceyran buraxılıb. Hazırda bu ərazidə ceyranların müşahidəsi də aparılır.

Zəngilan rayonunun Şayıflı kəndində Oxçuçay üzərində quraşdırılan avtomat hidroloji və radioekoloji stansiyalara da baxış keçirilib. Çayın ekoloji vəziyyəti və Bəsitçay Dövlət Təbiət Qoruğunda aparılan işlər barədə də məlumat verilib. Oxçuçayda istər ağır metallar, istərsə də məişət tullantıları ilə çirklənmə göstəricisinin yüksək olduğu bildirilib.  

Zəngilan rayonunda yerləşən Oxçuçayın mənbəyi Ermənistan ərazisindən götürülür. Məhz elə bunun üçün də ermənilər tərəfindən bu çaya kimyəvi maddələr axıdılır. Kimyəvi maddələrin axıdılması nəticəsində çay ekoloji terora məruz qalır.

Oxçuçayın suyunun müəyyən qədər yaxşılaşdırılması, əsas da kənd təsərrüfatlı təyinatlı istifadəsi üçün metodologiyanın prinsipial əsasları da işlənir. Burada Almaniya və Amerika təcrübəsindən yararlanılacaq. 

Ekoloji monitorinqlər Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Qida Təhlükəsizliyi Agentliyi, Elm və Təhsil Nazirliyinin bir sıra elmi-tədqiqat institutlarının nümayəndələri tərəfindən aparılır. 

Elnur Vahidoğlu