Ötən il Respublikada ümumilikdə 212 min 600 ton üzüm yığılıb. Ənənəvi üzüm yetişdirilən Samuxda da məhsuldarlıq yüksək olub. Bundan irəli gələrək rayonda üzüm bağlarının sahəsi genişləndirilir.
Sevda Məmmədova- bağ işçisi: “İndi biz quru budama edirik. Quru budamanı etməkdən ötrü barmaqları düzgün seçmək lazımdır ki, o, məhsulu yaxşı versin. Keçən il biz bu barmaqları məhsul götürmüşük, məhsulu almışıq. İndi də bunu kəsməliyik ki, məhsulumuz yaxşı olsun. Qabıqsoyma deyirlər, onu edirlər ki, tənək nəfəs alsın. Onu da soyandan sonra dərmanlama işləri gedir. Ondan sonra da biz bağlama işlərini həyata keçirməliyik”.
Samuxun üzüm bağlarında becərmə işləri aparılır. Tənəklər budanır, tinglərin dibi bellənərək gübrə verilir.
Aygül Ağayeva- bağ işçisi: “Bu burğudur və bunu kəsib budama edirik. Tənəkləri bağlamaq üçünüdür, yəni quru budamağa görə edirik. Ağacları bağlayırıq ki, məhsulu əyib, qırmasın. Ölçüsünün də fərqi yoxdur, gözəyarı kəsirik. Kəndir kimi istifadə olunur, ancaq kəndirdən yaxşıdır. Mart ayında tənəklər puçurlamamış edirik. Gec olanda puçurlar tökülür, məhsul yaxşı olmur. Amma vaxtında bağlayanda məshuldar olur, yaxşı olur”.
Samuxda mövcud üzüm bağlarının sahələri də genişləndirilir. Bunun üçün ayrılan 50 ha ərazidə şumlama işi tam başa çatıb. Yazda həmin əraziyə yeni üzüm tingləri basdırılacaq.
Samux rayonunda əsasən texniki, qismən də süfrə üzüm sortları yetişdirilir. Ötən il fermerlər tərəfindən hektardan 7-8 ton məhsul əldə olunub. Məhz elə bunun üçün də bu il fermerlər tərəfindən 40 min ədəd üzüm tənəyinin əkilməsi planlaşdırılır.
Sahil Miriyev- torpaq mülkiyyətçisi: “40 min tingimizi müəyyən bir massivimiz var, o sahədə əkəcəyik. Ümumiyyətlə, gələcəkdə mart ayında quru budamalarımıza başlayacağıq. Ötən il məhsuldarlığımız çox gözəl oldu. Şəraba tam keyfiyyətli üzüm yetişdirdik və şərab zavoduna təhvil verdik. Ona görə də Şardenel deyilən üzüm sortumuz var, o, Fransadan gəlibdir, o sortdan çilik tutmuşuq, onu artırmaq fikrimiz var. Kabarne deyilən sortdan da çilik götürmüşük ki, əkək”.
Ötən ildən başlıyaraq dövlət tərəfindən üzüm əkən torpaq mülkiyyətçilərinə verilən subsidiyalar artırılıb. Bu da rayonda üzümçülüyün inkişafına stimul verir.
Əlvan Bayramov- Samux DAİM-in direktor müavini: “Üzümün becərilməsi qaydalarında fermerlərin təcrübələri var. Ona görə də üzüm bağlarının becərilməsinə dövlət tərəfindən diqqət də var. Fermerlərin özləri də maraqlıdır. Üzüm bağlarında hektara 240 manat subsidiya verilir. Bu da fermerə kömək edir”.
Samuxda ümumilikdə 922 ha üzüm bağı var. Onun 420-sində süfrə, qalanında isə texniki sort üzüm becərilir. Ümumilikdə isə ötən il rayonda üzüm bağlarından 10 min 500 ton məhsul götürüb ki, bu da hektardan 138 sentner deməkdir.
Elnur Vahidoğlu
- Baxış: 1694