• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1174
— 07.02.2023 12:05

Türkiyədə zəlzələ nəticəsində həlak olanların sayı 3381 nəfərə çatıb

KepezTV Player

Türkiyədə zəlzələ nəticəsində həlak olanların sayı 3 381 nəfərə, yaralananların sayı 20 min 426 nəfərə çatıb. 13 milyon 500 min vətəndaş zəlzələnin təsirinə məruz qalıb. Fövqəladə Halların İdarə Olunması Agentliyindən 10 vilayətdə ümumilikdə 5 min 775 binanın çökdüyü açıqlanıb. 
Hatay şəhərinin Antakya rayonunda azərbaycanlı Sevda Əliyeva və övladı Nəzrin Əlizadə dağıntılar altından xilas ediliblər. Məlumata görə, ana və qızının səhhəti normaldır.
Malatya şəhərində 4 azərbaycanlı tələbə - Samir Quliyev, Şahin Verdiyev, Hümam İsmayıllı və Gündüz Nəzərzadə də dağıntılar altından sağ çıxarılıb. Onlar Malatyadakı İnönü Universitetinin tələbələridirlər. 
Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsinin zəlzələ baş verən ərazilərdə təhkim etdiyi nümayəndə Başar Kömür deyib ki, Azərbaycandan olan tələbələrlə əlaqə saxlanır, onlardan bəzilərinin müraciətlərinə baxılıb, ehtiyacları qarşılanıb. Kahramanmaraşdakı zəlzələ bölgəsindən Azərbaycan vətəndaşlarının təxliyəsi üçün hazırlıq işlərinin görüldüyü də açıqlanıb. 
Bu gün ölkədə 5,3 bal gücündə daha bir zəlzələ qeydə alınıb. Yeraltı təkanların episentri yerli vaxtla saat 6:13-də Adıyaman şəhərinin Gölbaşı rayonunda olub. Fövqəladə Halların İdarə Olunması Agentliyindən açıqlanıb ki, bölgələrdə ardıcıl sarsıntılar yaranmağa davam edəcək. 
Bu arada Türkiyədə 7 günlük ümummilli matəm elan edilib, ölkədə və xarici nümayəndəliklərdə bayraqlar yarıya qədər endirilib. NATO-nun qərargahında qardaş ölkənin bayrağı, Türk Dövlətləri Təşkilatının Baş Qərargahındakı bayraqlar da yarıya endirilib.