Gəncəçayın sol sahili. Sahil bağından başlayan və ta çay məcrası boyunca uzanan heç də göz oxşamayan mənzərə. Baxımsız parklar və sel suları gələndə təhlükəli vəziyyətə düşən evlər. Amma süjetimiz çay kənarında təxminən 10 il bundan öncə inşa edilən və hazırda təhlükəli sayıla biləcək halda olan tikili barədədir.
Gəncə çayının sağ sahilində, bulvar hissəsində əhalinin rahat dincəlməsi üçün hər cür şərait yaradılıb. Ancaq, sağ sahildən fərqli olaraq sol sahildə vəziyyət olduqca acınacaqlıdır. Burda antisanitar vəziyyət hökm sürür. Zibillik, məişət tullantıları burada insanların hərəkəti üçün manelər yaradır. Həmçinin, sol sahildə olan hissədə beton daşları, gülbağı daşları qopub. Vəziyyətin bu cür olması burada hərəkət edən sakinlərin həyatı üçün təhlükəlidir.
Təhlükə yaradan tikili Uşaq-Gənclər İnkişaf Mərkəzinin fəaliyyət göstərdiyi bina və onun ətrafıdır. Binanın demək olar ki, 4 bir yanında çökmələr müşahidə edilir. Bunun nəticəsində aşağı hissələrdə çatlar əmələ gəlib, üzlənən gülbağ daşları isə qopub, düşüb. Təhlükə mərkəzdə məşğələlərə gələn şagirdlər, orada çalışan işçilər, eləcə də həmin ərazidən keçən sakinlər üçün realdır.
Rövşən Abdullayev- sakin: "Qonaqlar gəlir, insanlar dincəlməyə gəlir. Səliqəyə düşsə, baxılsa daha yaxşı olar. Çayın içi də natəmizdir, iy-qoxu var. Azərbaycanın ikinci böyük şəhəridir. Düzəlsə yaxşıdır, şəhəri səliqəyə salsalar yaxşıdır".
Kəmalə Kuybışeva- müəllimə: "Zibillər vaxtlı-vaxtında daşınmır. Çay baxımsız vəziyyətdədir. O biri pilləkən baxımsızdır, iy-qoxu var. Bu birisi pilləkəndə də gülbağı daşı qırılıb, çöküntü var, əyridir. Körpə uşaqlar gələ bilmir, valideyn əziyyət çəkir. Məcburdular ki, maşın yolu ilə gəlsinlər. Maşınlar da uşaqlar üçün qorxuludur. Uşaqları güdürük ki, yaxınlaşmasınlar. Bir dəfə olmuşd ki, qız uşağı az qala aşmışdı, tutublar. Baxımsızlıqdan bu həddədir".
Şahin Əliyev- sakin: "Bulvarın düzəlməsi əhali üçün lazımdır, vacibdir. Həm istirahət üçün, həm də şəhərin havası üçün böyük əhəmiyyətə malikdir. Xahiş edərdik ki, aidiyyatı qrumlardan bu bulvarın düzəlməsinə kömək eləsinlər, şərait yaratsınlar".
Bir vaxtlar şəhər filarmoniyasının yerləşdiyi bu ərazi, elə o mədəniyyət ocağı üçün də ürəkaçan olmayıb. Qəzalı vəziyyətdə olduğundan söküb, yerində Uşaq-Gənclər İnkişaf Mərkəzini inşa ediblər. Amma bu binanın da aqibəti fərqli olmayıb. Mövcud təhlükəli vəziyyət ərazinin geoloji baxımdan tikinti üçün yararsız olması ilə izah edilir.
Süleyman Abbasov- inşaat mühəndisi: "Ümumiyyətlə, bina çay ərazisindən ən aşağısı 50 metr kənarda tikilməlidir. Çaya yaxın ərazidə fəsadlar əməl gəlir. Tikinti normaları düzgün yerinə yetirilməyəndə, o çatlar da, uçma da baş verə bilər. Qruntda axmalar baş verə bilər. Kənardakı binalara fəsad verə bilər. Hər bir şey ola bilər".
Kənardakı bina demiş, çoxmərtəbəli olan yaşayış tikilisinin də ətraflarında çökmə əlamətləri müşahidə edilir. Hansı ki, hər iki bina çay ətrafındakı gəzinti zonasına baxır. Dibini alaq otları basmış və qurumağa başlıyan şam ağacları, uçub tökülən gülbağ daşları, qopan tametlər ərazidə antisanitar vəziyyət də mənzərəni xoşagəlməz edir. Amma bu boyda neqativin içərisində çatdıracağımız şad xəbər də var.
Sevinc Ələkbərova- Uşaq-Gənclər İnkişaf Mərkəzinin direktoru: "Mərkəzimiz tərəfindən müraciətlər olunubdur. Aidiyyatı orqanlar müraciətlərə baxıblar, qəbul ediblər. Yaxın günlərdə təmirə başlayacaqlar. Binanın istər daxilində, istərsə də xaricində, ətrafında yeni təmir işləri aparılacaqdır. Binanın əvvəlki gözəlliyi özünə qayıdacaqdır".
Vaxtı ilə şəhərin ən görməli və mənzərəli yerlərindən biri olan bu ərazinin yenidən öz görkəminə qaytarılması həm təhlükənin aradan qaldırılması, həm də estetik görünüş üçün vacibdir. Sakinlərin istirahəti və şəhərə gələn qonaqlarda müsbət təəssürat da yaradar.
Elnur Vahidoğlu
- Baxış: 273