Goranboy Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun Veyisli kəndi ərazisində silsilə oğurluq hadisələri törətməkdə şübhəli bilinən şəxslər saxlanılıblar. Araşdırmalar zamanı məlum olub ki, Kəlbəcər rayonunda qeydiyyatda olmaqla Goranboy rayon Veysli kəndində yaşayan Baloğlan Zeynallı tanışları Səxavət İbrahimov, Elvin Şirinov və Cavid Hüseynov ilə qabaqcadan əlbir olaraq bir qrup şəxs halında müxtəlif vaxtlarda vətəndaşlara məxsus ümumi dəyəri 4000 manatdan çox olan 24 baş xırda buynuzlu mal-qaranı oğurlayıb. Baloğlan Zeynallı və Səxavət İbrahimovun həmkəndlilərinə məxsus dəyəri 1000 manat olan iri buynuzlu mal-qaranı oğurlaması da üzə çıxıb.
Saxlanılan şəxslərin oğurladıqları mal-qaranı Tərtər rayon sakinləri Samid Vəliyev və Vəhruz Alıyevə satması da müəyyənləşdirilib. Polis əməkdaşlarının keçirdikləri digər əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində 300 manat dəyərində 30 ədəd dəmir dirəyi oğurlayan Rövşən Qasımov, 680 manat dəyərində plastik su borusunu oğurlamaqda şübhəli bilinən İsmət Məmmədov və vətəndaşın evindən 170 manat pul götürməkdə şübhəli bilinən Mehdi Sərdarov saxlanılıb. Faktlarla bağlı araşdırmalar davam etdirilir.
- Baxış: 394