• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1790
— 16.01.2023 21:01

Şəhidin adını daşıyan məktəbdə istilik yoxdur

KepezTV Player

Qış mövsümü başlayandan məktəblərdəki istiliklə bağlı şikayətlər də bitmək bilmir ki, bilmir. Əsasən də belə narazılıqlar daha regionlardakı təhsil ocaqlarında qeydə alınır. Şəmkir rayon Xanallar kənd tam orta məktəbinin istilik problemi isə fərqli səbəbdəndir. Daha ətraflı qarşıdakı sujetdə

Təhsil ocağı şəhid Faiq Ələkbərovun adını daşıyır. Ancaq Xanallar kənd sakinlərinin şikayəti əsasında çəkilişə üçün yollandığımız məktəb torpaqlarımızın azadlığı uğrunda canından keçən igidin adına yaraşmayan şəkildə istiliksizdir. Valideynlər 2009-cu ildən fəaliyyət göstərən məktəbin bu günə kimi qazla təmin olunmadığını və şagirdlərin soyuq, şaxtalı havalarda istilik olmadığı üçün keyfiyyətli təhsil ala bilmədikləri söyləyiblər. Halbu ki təhsil müəssisəsində qazanxana qurulub və istilik sistemi bir neçə ildir çəkilib. Kənd tam qazlaşdırılsa da, məktəbə nədənsə qaz verilmir.

Məktəbdə istiliyin olmaması səbəbindən uşaqların xəstələnərək dərsdən qalması ailələri də çətinə duruma salır. Valideynlər deyirlər ki, övladlarını xəstəxayana aparmağa, dərman almağa maddi cəhətdən gücləri çatmır.

Təhsil müəssisəsinin daxilində dərsi pozmamaq şərtilə fasilə zamanı çəkiliş etmək istəsək də bu heç cür mümkür olmadı.

Çəkiliş apardığımız zaman məktəbdə müqavimətlə rastlaşdıq. Məktəb rəhbərliyi tərəfindən daxildə çəkiliş aparmağımıza icazə verilmədi.

Buna görə də burada təhsil alan şagirdlərlə ancaq məktəb binasının xaricində söhbətləşə bildik.

Problemlə bağlı Qazax-Tovuz regional təhsil idarəsində də müsahibə verən tapılmadı. Xanallar kənd məktəbindəki şəraitdən fərqli - isti otaqlarında oturanlar, binasının üzərində adı belə olmayan idarədən yalnız şifahi məlumatla kifayətləndilər. Özü də maraqlı açıqlama ilə- sözügedən məktəbdən idarəyə istiliklə bağlı şikayət daxil olmayıb, təhsil ocağının qazlaşdırılması ilə Azəriqazla danışıqlar gedir, məktəbin növbəti tədris ilindən qaz xəttinə qoşulacağı gözlənilir. “Azəriqaz” İB-dən isə məsələyə münasibət bildirildi.

Hər iki dövlət qurumundan aldığımız cavablar onu deməyə əsas verir ki, hava şəraitinin sərt keçdiyi bu tədris ilində də Xanallar kənd tam orta məktəbi istiliklə təmin olunmayacaq. Yəni gələcəyimiz olan uşaqların durumu heç kimi narahat belə etmir. Hərçənd ki, bu problemin çıxış yolu çox asan və tez həllini tapandır.