Prezident İlham Əliyevin təsdiqlədiyi qanunlara əsasən, gələn il üçün yaşayış minimumu ölkə üzrə 246 manat, əmək qabiliyyətli əhali üçün 261 manat, pensiyaçılar üçün 199 manat, uşaqlar üçün 220 manat məbləğində müəyyən edilib, ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədilə 2023-cü il üçün ehtiyac meyarının həddi 246 manat məbləğində təsdiq edilib. Gələn il Dövlət Sosial Müdafiə Fondunun büdcəsi bu illə müqayisədə 657,7 milyon manat və yaxud 11,7% çox – 6 milyard 264 milyon manat olacaq. İşsizlikdən Sığorta Fondunun büdcəsi isə 212 milyon 700 min manat olaraq təsdiqlənib. Dövlət başçısı Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında qanunu da imzalayıb. Qanunda qeyd edilir ki, işğaldan azad edilmiş ərazinin rezidentləri 2023-cü il yanvarın 1-dən etibarən 10 il müddətində mənfəət, əmlak, torpaq və sadələşdirilmiş vergidən azaddırlar. *** Prezident İlham Əliyevin imzaladı fərmanla Dövlət Neft Fondunun 2023-cü il büdcəsi də təsdiq edilib. Daha bir fərmanla gələn il icbari tibbi sığorta fondunun 2023-cü il büdcəsindən azad olunmuş ərazilərdə mobil hospitalların tikintisi, quraşdırılması və zəruri avadanlıqla təchizatı üçün ayrılacaq vəsait məlum olub. Fərmana əsasən, bu istiqamətə 3 milyon manat ayrılması nəzərdə tutulur.*** İlham Əliyevin Sərəncami ilə, “Azərbaycanda dövlət qulluğunun inkişafına dair 2019-2025-ci illər üçün Strategiya”nın 2023–2025-ci illərdə icrası üzrə Fəaliyyət Planı” da təsdiq edilib.
- Baxış: 455