• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2041
— 10.12.2022 20:09

Beynəlxalq hüququn susqunluğu fonunda edamlar

KepezTV Player

İranda aylardır davam edən iğtişaşlar molla rejiminin iç üzünü, qəddar simasını daha yaxşı tanıtdırdı. Etirazçılara divan tutulması, olmazın işgəncələr verilməsi, həbslər, edamlar molla respublikasında insan haqlarının nə dərəcədə acınacaqlı halda olduğunu nümayiş etdirir.
İranda vəziyyət son dərəcə kritikdir. Nümayişçilərin də, buna mütənasib olaraq öldürülənlərin, həbs edilənlərin də sayı günbəgün artır. Tehran isə kompromisə getmək, xalqın tələblərini dinləmək əvəzinə getdikcə daha radikal addımlar atır. Beynəlxalq hüquqa əsasən, yalnız ən ağır cinayətlərdə çıxarılmalı olan ölüm hökmü İranda adi qərara çevrilib. Nümayişlərin təşkilində günahlandırılaraq həbs olunan və barəsində ölüm hökmü verilən Möhsün Şükarinin edamından sonra Sistan-Bəlucistan əyalətində Ömər, Nasir və Nuşirəvan adlı üç qardaş eyni vaxtda edam edilib. Etnik bəluclar ölkənin bayrağı rəngində parçanın üzərinə “Ədalət, Azadlıq, ərəb, kürd, bəluç, türk, bəxtiyari, fars, bir olaq, bir olaq!” şüarı yazaraq rejimdən narazılıqlarını bildirdiklərinə görə öldürülüblər.
Britaniyanın “The Guardian” nəşri İranda xüsusi jurnalist araşdırması aparıb, ortaya çıxan faktlar isə qan dondurur. Nümayişçilər arasında qorxu, təşviş yaratmaq məqsədilə hökümət qüvvələri etirazların qarşısını almaq üçün olduqca qəddar üsullar tətbiq edir. İnsanlara qarşı birbaşa atəş açılır, kişilərə daha çox ayaq, bel və omba nahiyəsindən, qadınlara isə əsasən, üzlərindən, sinələrindən və cinsi orqanlarından xəsarət yetirilir. İranın cəza strukturları təkcə etirazçıları şikəst etməyə deyil, həm də rejimə qarşı çıxan qadınları eybəcərləşdirməyə çalışır. Beynəlxalq birlik isə molla respublikasında yaşanan faciələri səssiz seyr edir. BMT, Aİ kimi qurumların reaksiyaları isə heç bir işə yaramayan qətnamə səviyyəsindən o yana keçməyib.
Molla rejimi tarixinin ən çətin dövrünü yaşayır. Repressiv hakimiyyətin bütün cəhdlərinə rəğmən etirazlar səngimək bilmir. Nümayişlərin nə qədər davam edəcəyini proqnozlaşdırmaq da çətindir. Ölkədəki gərgin vəziyyəti sabitləşdirməyi bacarmayan Tehranın beynəlxalq mövqeyi də zəifləyir.