Uşaqlar üçün ailə bir idealdır. Ata və ana onların bənzəmək istədikləri, gələcək modelləridir. Təəssüf ki, bəzi valideynlər uşaqlarını düzgün bildikləri,ancaq yanlış olan tərbiyyə üsulu ilə böyüdürlər. Əksər ailələrdə anaların tərbiyə üsullarından biri övladlarını ataları ilə qorxutmaqdır. Bu halda ataya qarşı olan sevgi,hörmət hissi, qorxu hissinə çevrilir. Bu da çox zaman yeniyetmənin faciəsi ilə nəticələnə bilir.
Aqressiv davranışlar bu yaş dövründə geniş vüsət alır və get - gedə artmağa başlayır. Bəzi tədqiqatçılar bu aqressiyanın səbəblərini yaranan fizioloji dəyişikliklərdə görürlər.Keçid dövrü həyatımızın ən qarışıq, qərar verməkdə qeyri-sabitliyi ilə seçilən, duyğuların idarəsini ələ almaqda çətinlik çəkdiyimiz dövr kimi hesab edilir.Buna uyğun olaraq da müxtəlif problemlər ilə qarşılaşmağımız olduqca təbii bir haldır.
Valideyn-övlad münasibətlərində anlaşılmazlıqlar hər zaman olub və olmağa da davam edir. Belə olan halda əsas yük böyüklərin üzərinə düşür. Belə ki,onlar öz təmkinliklərini qorumağı bacarmalı,iradlarını daha sakit və anlaşıqlı formada ifadə etməlidirlər. Fərqində olmalıyıq ki, övladımızdan yüksək tərbiyyə, hörmət gözləyiriksə ilk növbədə həmin keyfiyyətlərlə onlara nümunə olmalıyıq. Bir ailədə ki, uşaq söz-söhbət, şiddət yaxud zorakılıqla böyüyürsə, əlbəttə ki, burada dərin,mənəvi, psixoloji travmaların yaranması danılmazdır.
Övlad bu dünyada sahib oluna biləcək ən böyük xəzinədir.Unutmayın ki, “Sağlam millət,sağlam gələcək” deməkdir.Buna görə də, övladlarınızı sağlam mühitdə və psixologiyada böyütmək siz valideynlərin ən böyük borcudur. Onları heç vaxt yaşıdları ilə müqayisə etməyin, fikirlərinə önəm verin və onları olduqları kimi sevin.
Aysel Abbasova
- Baxış: 457