• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1717
— 21.11.2022 12:41

Dünya Çempionatı 2022: Ekvador meydan sahiblərinə qalib gəlib

KepezTV Player

Qətərdə futbol üzrə XXII dünya çempionatına start verilib. Açılış oyununda ev sahibləri Ekvador millisi ilə qarşılaşıblar.

Bu gün daha 3 oyun keçiriləcək

Al Bayt stadionunda gerçəkləşən A qrupunun görüşü Cənubi Amerika təmsilçisinin 2:0 hesablı qələbəsi ilə başa çatıb. Bununla da dünya çempionatları tarixində bir ilk yaşanıb. Belə ki, mundiala ev sahibliyi edən ölkə açılış matçında ilk dəfə uduzub. Görüşdə hesab 3-cü dəqiqədə açıla bilərdi. Ekvadorlulardan Enner Valensiyanın vurduğu qol hakimlərin VAR sisteminə nəzər salmasından sonra ləğv olunub. Həmin epizodda off-sayt vəziyətinin olduğu bildirilib. Türkiyə "Fənərbağça"sının hücumçusu Valensiya 16-cı dəqiqədə istəyinə çatıb. O, 11 metrlik cərimə zərbəsini dəqiq yerinə yetirərək dünya çempionatları tarixində ilk qolu penaltidən vuran futbolçu kimi tarixə düşüb. Cənubi Amerikalı matçın 31-ci dəqiqəsində ikinci dəfə ev sahiblərini məyus edərək dubla imza atmış olub. Və bu nəticə ilə o, həm açılış matçının ən yaxşı oyunçusu seçilib, həm də ölkəsinin mundiallar tarixində ən çox qol vuran futbolçusu adını qazanıb. Qollarının sayını 4-ə çatdıran Valensiya Aqustin Delqadonu 1 top keçib.

Bu gün Dünya çempionatında daha 3 oyun keçiriləcək. Günün ilk matçı B qrupunda İngiltərə və İran arasında olacaq. Dohadakı "Xəlifə" stadionunda oynanılacaq görüş Bakı vaxtı ilə saat 17-də başlayacaq. A qrupunun ikinci matçında Niderland yığması Seneqalı sınağa çəkəcək. "Al-Tumama" arenasındakı oyun Bakı vaxtı ilə saat 20-də start götürəcək. Nəhayət günün son matçında ABŞ seçməsi Uelslə üz-üzə gələcək. "Əhməd ibn Əli" stadionunda keçiriləcək görüşün Bakı vaxtı ilə başlama saatı 23-dür.