Futbol üzrə Azərbaycan Premyer Liqasında 3-cü turdan təxirə salınmış 1 oyun keçirilib. "Qarabağ" səfərdə "Turan Tovuz"un qonağı olub. Görüş gözlənildiyi kimi ilk dəqiqələrdən "köhlən atlar"ın hücumları ilə başlayıb. Qonaqlar istəklərinə 20-ci dəqiqədə çatıblar. Meydan sahiblərindən Vüsal Məsimov avtoqola imza ataraq ağdamlıları hesabda önə keçirib. 37-ci dəqiqədə meydan sahibləri ikinci topu qapılarında görüblər. Bu dəfə sol cinahdan cərimə meydançasına göndərilən asmanı Kvabena Ovusu başıyla tora sancıb. Bu qol oyunun yekun nəticəsini də müəyyənləşdirib. 0:2 Qarabağın qələbəsi. Qarşılaşmanın ikinci yarısında ən yadda qalan hadisə isə son dəqiqələrdə çıxışda topu dəf etmək istəyərkən komanda yoldaşı Bədavi Hüseynovla toqquşan Qarabağın qapıçısı Şahruddin Məhəmmədəliyevin boynu üstə yerə düşməsi olub. Həkimlərin ilkin müdaxiləsi ilə ayağa qalxan təcrübəli qolkiper görüşü davam etdirib. Lakin final fitindən dərhal sonra yerə yıxılan qapıçı meydanı xərəkdə tərk edib.
- Baxış: 496