Dəstənin üzvləri - Emil Həsənov, Elçin Mirzəyev, Mikayıl Abbasov, Cahid Şahbazov, Rasim Nuriyev, Neman Abdullayev, Tərxan Kəlbiyev və Sərqam Orucov tutulublar. Müəyyən olunub ki, Mikayıl Abbasovla Elçin Mirzəyev paytaxta yaxın qəsəbələrdə gizli sexlər yaradaraq orada müxtəlif növdə spirtli içkilər hazırlayıblar. Daha sonra şəxslər topdan satışla məşğul olan Neman Abdullayev, eləcə Bakı şəhərində yerləşən 2 gecə klubunun sahibləri Cahid Şahbazov, həmçinin Emil Həsənovla birgə cinayət əlaqəsinə girərək saxta spirtli içkilərin həmin obyektlərdə müştərilərə satışını təşkil ediblər. Əməliyyat tədbirlərinin davamı olaraq Baş İdarənin əməkdaşları tərəfindən adları sadalanan şəxslərə məxsus saxta spirtli içkilərin hazırlandığı sexlərə, anbarlara və gecə klublarına baxış keçirilib. Həmin obyektlərdən xeyli sayda müxtəlif əmtəə nişanları altında qablaşdırılmış saxta spirtli içkilər, çoxsaylı etiketlər, qapaqlar, qidada istifadəsi nəzərdə tutulmayan texniki spirt və sair maddi sübutlar aşkar olunaraq götürülüb. Aşkar edilən saxta içkilərin ekspertizası zamanı müəyyən edilib ki, həmin məhsullar istifadəyə yararsız olmaqla bərabər insan sağlamlığı üçün də ciddi təhlükə mənbəyidir. Faktlarla bağlı Baş İdarədə cinayət işi başlanılıb. Mütəşəkkil dəstənin üzvləri barəsində nəhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Hüquqazidd əməllərin hərtərəfli araşdırılması istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.
- Baxış: 551