• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1596
— 04.11.2022 20:10

Hazırkı rejimin sonu görünür

KepezTV Player

İranda 6 həftədən çoxdur davam edən iğtişaşlar qarşısıalınmaz hala gəlib. Sürətlə bütün ölkəni bürüyən etirazların yatırılması molla respublikası üçün mümkünsüzə çevrilir. Güney azərbaycanlıların fəallığı da getdikcə artır.

İranda etirazların dalğası sürətlə yayılır. Aksiyalar təşkil olunan şəhərlərin, universitetlərin, müəssisələrin sayı getdikcə artır. Tehranın illərdir müqəddəsləşdirdiyi şəxslərə qarşı nifrət daha da böyüyür. Xameneyini diktator, qatil, terrorçu adlandıranların sayı hər gün bir qədər də çoxalır. “Ölüm olsun Xameneyiyə”, “İslam Respublikasına yox” kimi şüarlar tez-tez eşidilir.

Fars rejiminin istilasından təngə gələn cənubi azərbaycanlıların narazılığı da artmaqdadır. Milli-mədəni haqları boğulan xalq ayağa qalxaraq öz azadlığını, hüquqlarını tələb edir. Günbəgün daha kəskin çağırışlar təşkil edilir.

İran İnsan Haqları Təşkilatının açıqladığı rəqəmlərə əsasən, noyabrın 1-dək ölkədə 47-si uşaq olmaqla 288 nəfər öldürülüb, 14161 nəfər həbs edilib. Xalqa qarşı silahdan, gözyaşardıcı qazdan istifadə edilməsi, çoxsaylı həbslər heç bir fayda vermir. Əksinə qəzəbli etirazçıların müqavimət gücünü bir qədər də artırır. Yerli media iğtişaşların yatırılması üçün ölkəyə xaricdən muzdlular gətirildiyini yazır. Artıq hökumət daxilində fikir ayrılıqları güclənir. Ölkədəki gərgin vəziyyət İran rəsmilərini üz-üzə qoyub. Tehranın beynəlxalq münasibətləri də eniş dövründədir. Son zamanlar yaşananlar beynəlxalq aləmdə bu ölkənin onsuz da aşağı olan nüfuzuna bir qədər də kölgə salıb. İranın Rusiyanı silahlandırması, Ukraynada günahsız insanların qətliamında iştirakı kəskin pislənilir. Bəzi ölkələr Tehrana qarşı yenidən sanksiyalar tətbiq etməyə başlayıb. Xarici ekspertlər isə İranın hazırkı rejiminin tezliklə çökəcəyini proqnozlaşdırırlar.