• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2068
— 01.11.2022 20:30

Prezident Şəhidlər abidəsini və Milli Mücahidlər Muzeyini ziyarət edib

KepezTV Player

Əlcəzairdə səfərdə olan Azərbaycan Prezidenti İlham Əliyev ölkənin paytaxtı Əlcəzair şəhərində Şəhidlər abidəsini və Milli Mücahidlər Muzeyini ziyarət edib. Prezident İlham Əliyev abidənin önünə əklil qoyub. Milli Mücahidlər Muzeyi ilə tanışlıq zamanı dövlətimizin başçısına məlumat verilib ki, Şəhidlər abidəsinin altında yerləşən və 1984-cü ildə açılmış muzeyin kolleksiyasının böyük hissəsi ölkənin Fransa tərəfindən işğalına və 1830-1962-ci illərdə Fransa müstəmləkəçiliyinə qarşı aparılmış xalq müqavimətinə həsr olunub.Sonra Azərbaycan Prezidenti İlham Əliyev muzeyin xatirə kitabına ürək sözlərini yazıb.Prezident qeyd edib ki, Milli Mücahidlər Muzeyi Əlcəzair xalqının şanlı tarixinin ən faciəli və eyni zamanda, ən qürurverici səhifələrindən birini özündə əks etdirən mühüm kompleksdir:"Bu muzey Əlcəzair xalqına qarşı misli görünməmiş qəddarlıqla və şiddətlə həyata keçirilən müstəmləkə siyasətinin, müharibə və insanlıq əleyhinə cinayətlərin, müstəmləkəçi qüvvələrə qarşı ümumxalq mübarizəsinin və bir milyon yarım şəhidin canı bahasına qazanılmış müstəqillik qələbəsinin yaddaşlarda qorunub saxlanması və gələcək nəsillərə ötürülməsi baxımından müstəsna əhəmiyyət kəsb edir. Böyük qurbanlar verərək istiqlaliyyətə qovuşmuş qardaş Əlcəzairin bu gün inkişafını, rifahını görməkdən dost və qardaş ölkənin rəhbəri olaraq böyük qürur hissi keçirirəm" - dövlət başçısı kitabda yazıb. Sonda qarşılıqlı hədiyyələr təqdim olunub.