• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 862
— 11.10.2022 20:22

Gəncə və Ukrayna şəhərlərinin oxşar taleyi

KepezTV Player

İki il əvvəlin bu günü, Vətən müharibəsi dövründə Gəncədə yaşananları xatırladıq, ürəkağrıdan mənzərəni bir daha gördük. İndi isə diqqəti dünyanın başqa bir nöqtəsinə yönəldəcəyik – Ukraynaya. Oradakı dinc sakinlərin başlarına gələnləri görəcəyik və bu iki hadisə arasında paralellər aparacağıq.

Artıq bir neçə gündür Rusiyanın Ukrayna ərazisində apardığı müharibənin növbəti şiddətli dövrü yaşanır. Əsasən Kiyev vilayətində olmaqla, müxtəlif şəhərlər intensiv raket atəşinə tutulur.

Günün birinci yarısına olan məlumata görə, elə təkcə Zaporojye şəhərinə 12 raket atılıb. Şəhərlərin ard-arda bombalanması nəticəsində həlak olan və xəsarət alan şəxslərin sayı durmadan artır.

Ukrayna xalqı da bu gün azərbaycanlıların illər əvvəl yaşadığı taleyi yaşayır. Təcavüzdən, işğalçılıq siyasətindən, ədalətsizlikdən əziyyət çəkir. Bu gün Kiyev, Zaporojye, Lvov, Jitomir, Xarkov, Odessada 2020-ci ilin oktyabrında Gəncədə, Bərdədə, Tərtərdə yaşananlar təkrarlanır.

Oxşarlıqlar çoxdur, bəli. Amma arada bir fərq var. Azərbaycanın haqlı mübarizəsində onu dəstəkləməyən, reallıqları görməzdən gələn, 30 il Ermənistanın işğalçılıq siyasətinə, Azərbaycanda mülki əhalinin qətlə yetirilməsinə səsini çıxarmayan Qərb hər addımda Ukraynanı dəstəkləyir, onun yanında olduğunu hiss etdirir, işğalçılıq siyasətinə haqlı olaraq müxtəlif yollarla etiraz edir. Biz bunu alqışlayırıqmı? Alqışlayırıq! Bizim istəyimiz də elə budur. Heç kim ədalətsizlik qarşısında susmamalıdır. Amma Ukraynaya münasibətdə atılan addımlar Azərbaycanla bağlı da atılmalı idi, və ya atılmalıdır. Dünya ikili standartlar siyasətindən əl çəkməlidir!