• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1123
— 22.09.2022 20:25

“Gəncə” ev oyunlarını doğma meydanda keçirəcək

KepezTV Player

Basketbol üzrə Azərbaycan çempionatının 2022-2023-cü illər mövsümündə Gəncə elitada yenidən təmsil olunacaq. Şəhərin eyniadlı klubu ev oyunlarını da Nizami yurdunda keçirəcək.

Sonuncu dəfə 2019-2020-ci illər mövsümündə Azərbaycan çempionatında iştirak edən komanda pandemiyaya görə yarımçıq dayandırılan yarışı 3-cü sırada tamamlamışdı. 2 illik fasilənin ardından çempionatda iştirak edəcək Gəncə klubunun rəhbərliyi yenə iddialı komanda formalaşdırmaq niyyətindədir. Bu məqsədlə komandanın heyətinə legionerlər də cəlb olunacaq.

Komandanın ən böyük transferi sözsüz ki, Amil Həmzəyev olacaq. Millinin aparıcı siması, kapitanı olan Həmzəyev Gəncə basketbolunun yetirməsidir. O, İslam Həmrəyliyi Oyunlarının qalibi və gümüş mükafatçısıdır.  Gəncə klubunun iştirak etdiyi bütün çempionatlarda heyətdə yer alan təcrübəli basketbolçu doğma komandasını yaxşı yerlərə daşımağa çalışacaqlarını deyib.

Sevindirici məqam ondan ibarətdir ki, ötən çempionatlardan fərqli Gəncə bu mövsüm ev oyunlarını Nizami yurdunda keçirəcək. Oyunlara ev sahibliyi edəcək yerli Olimpiya İdman Kompleksinin tələblərə uyğun şəraitə gətirilməsi üçün bir müddətdir ki, təmir-bərpa işlər aparılır. Eyni zamanda komandanın məşqlərinin də bu idman qurğusunda keçirilməsi nəzərdə tutulub.

Basketbolçuların taktiki-texniki məşqlərlə yanaşı, fiziki cəhətdən də çempionata daha yaxşı hazırlaşmaları üçün kompleksdə hər cür şərait yaradılıb. Bunun üçün trenajor zalı yenilənərək müvafiq avadanlıqlarla təhciz olunub.

28-ci ölkə çempionatına 8 komanda qatılacaq ki, bunlardan 3-ü region təmsilçiləridir. Gəncə ilə yanaşı, Şəki və Cəlilabad kollektivləri bölgə basketbolu adına  mübarizə aparacaq. Bu mövsüm çempion olacaq komanda Avroliqaya da vəsiqə əldə edəcək. Oktyabrın əvvəlində strart götürəcək Azərbaycan çempionatının ilk turunda püşkə əsasən, Gəncə doğma meydanda Sərhədçi ilə qarşılaşacaq.