• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1064
— 09.05.2022 19:37

Kikboksinq üzrə açıq birincilik keçirilib

Gəncədə kikboksinq üzrə açıq birincilik keçirilib. Yarış mərhum kikboksinqçi, ölkəmizi beynəlxalq turnirlərdə layiqincə təmsil etmiş Elnur Alıyevin xatirəsinə həsr olunub.

Gəncə Olimpiya İdman Kompleksində baş tutan yarışın rəsmi hissəsində Elnur Alıyevin gənc yaşda dünyasını dəyişməsinə baxmayaraq idman sahəsində böyük uğurlar əldə etdiyi diqqətə çatdırılıb. Eyni zamanda, döyüş növü olan kikboksinqlə məşğul olan idmançıların Vətən müharibəsində düşmənlə əlbəyaxa mübarizələrdə qalib gələrək zəfərə töhfə verdikləri ifadə olunub. Açılış mərasimində elə 2-ci Qarabağ müharibəsində şücaət göstərən kikboksinqçilər fəxri fərmanla təltif edilib. Rəsmi hissənin ardından döyüşlər başlayıb. Həm qız, həm də oğlanlar arasında reallaşan birincilikdə müxtəlif şəhər və rayonları təmsil edən 30-a yaxın komanda iştirak edib. Mübazirələrdə ümumilikdə 300-dən çox idmançı qalib olmaq üçün vuruşub.

Uşaq, yeniyetmə və gənc yaş qruplarında baş tutan açıq birinciliyə Azərbaycan çempionatının, eləcə də beynəlxalq yarışların qalib və mükafatçıları qatılıb. Yarışlar həm də seçim xarakterli olub.

Gəncə açıq birinciliyinin sonunda fəxri yerlər tutan idmançılar medal və diplomla mükafatlandırılıblar. Ümumi hesabda fərqlənən komandalar isə kubokla təltif ediliblər.