• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1541
— 09.05.2022 12:22

İlham Əliyev faşizm üzərində Qələbə uğrunda həlak olan Azərbaycan övladlarının xatirəsini anıb

KepezTV Player

Bu gün faşizm üzərində tarixi Qələbədən 77 il ötür. Qələbənin əldə edilməsinə sanballı töhfələr verən Azərbaycan xalqı 600 min oğul və qızını cəbhəyə yola salıb. Onların 300 mindən çoxu döyüşlərdə qəhrəmanlıqla həlak olub. Həmin müharibə zamanı göstərdikləri igidliyə görə Azərbaycanın 130-dan çox nümayəndəsi Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb, 170 mindən artıq əsgər və zabitimiz müxtəlif orden və medallarla təltif edilib. Azərbaycan diviziyaları Qafqazdan Berlinədək şanlı döyüş yolu keçib, yüzlərlə həmyerlimiz isə partizan dəstələrinin tərkibində vuruşub. Bu Qələbədə Azərbaycan nefti həlledici rol oynayıb. Azərbaycan sovet ordusu üçün yanacaq-sürtkü materiallarının əsas tədarükçüsü olub. Mühərrik yağlarının 90 faizi, benzinin 80 faizi, neftin isə 70 faizi Azərbaycan tərəfindən təchiz olunub. Bu müharibədə şərəfli döyüş yolu keçmiş Azərbaycan övladlarının tarixi şücaətləri hər zaman hörmətlə anılıb. Müharibə veteranlarına hərtərəfli diqqət və qayğı Azərbaycanda dövlət siyasətinin başlıca prioritetlərindən biridir. Azərbaycan xalqı artıq ikinci ildir ki, 1941-1945-ci illər müharibəsində faşizm üzərində Qələbəni 44 günlük Vətən müharibəsi nəticəsində əldə olunmuş böyük Zəfərin doğurduğu sevinc hissi ilə birgə ikiqat qürurla qeyd edir.

Faşizm üzərində Qələbənin 77-ci ildönümü münasibətilə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev iki dəfə Sovet İttifaqı Qəhrəmanı, tank qoşunları general-mayoru Həzi Aslanovun məzarını ziyarət edərək abidəsi önünə gül dəstəsi qoyub, müharibədə həlak olan bütün Azərbaycan övladlarının xatirəsini ehtiramla anıb.