• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2324
— 04.04.2022 20:35

29 illik həsrətə son qoyulur

KepezTV Player

Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası tərəfindən 1993-cü ildə Fərrux yüksəkliyi ətrafında gedən döyüşlərdə itkin düşən 62 nəfərin siyahısı açıqlandı. Həmin siyahıda adları olanlardan 3 nəfəri Göygöl rayonundan itkin düşənlərdir. Artıq həmin şəxslərin ailələrindən qalıqların tanınması üçün analiz nümunələri də götürülüb.

Göygöl rayonun Balçılı kənd sakini 84 yaşlı Elmira Məmmədova düz 29 ildir ki, oğlu Elmanın yolunu gözləyir. Deyir bu illər ərzində elə bir gün, elə bir an olmayıb ki, oğlu onun yadınnan çıxsın. Gecə-gündüz oğlunu düşünüb, oğlunu axtarıb. Elmira xalanın oğlu Elman Məmmədov 1970-ci ildə Balçılı kəndində anadan olub. Kənd məktəbində müəllim işləyən atası Nurəddin kişi vəfat edəndə Elmanın 10 yaşı olub. Anaları Elmira xala övladlarını çətinliklərlə böyüdüb. Elman hərbi xidməti Ökbəkistanda başa vurduqdan sonra Maşınqayırma Kollecini bitirib. qarabağ müharibəsi başlayanda Gəncə aeroportunda işləyən Elman silaha sarılaraq döyüşə yollanmağa qərar verir. 1993-cü ildə Xocalının Fərrux yüksəkliyi uğrunda gedən döyüşlərdə itkin düşür. Ailəsi onu nə qədər axtarsa da heç bir məlumat əldə edə bilmir.

Fərrux yüksəkliyi uğrunda gedən döyüşlərdə itkin düşənlərdən biri də Göygöl rayonun Qırıxlı kənd sakini Arzu Ağayevdir. 1991-ci ildə o da Qarabağa yollanan igid, qorxmaz oğullarımızdan olub. Snayper kimi düşmən hədəflərini dəqiqliklə məhv edən Arzu da Fərrux yüksəkliyində vuruşandan sonra ailəsi onun əlaqə yaradıb məlumat ala bilmir. Atası 72 yaşlı Nazir Ağayevin bu illər ərzində etdiyi axtarışlar səmərə vermir. Anası Validə xanım isə oğul dərdinə dözməyərək dünyasını dəyişir.

Qırıxlı kəndindən Fərrux yüksəkliyi ətrafında itkin düşən digər soydaşımız Pəhlivan Namazovdur. 1992-ci ildə könüllü olaraq Qarabağa yollanaraq döyüşlərdə qəhrəmanlıq göstərib. Düşmənə sarsıdıcı zərbələr vurub. Anası 84 yaşlı Tamam Namazova deyir ki, bu illər ərzində oğlu haqqında məlumatsızlıq qulaqları səsdə, gözlərini yolda qoyub.

İndi bu ailələrin tək bir istəyi qalıb. Övladlarının şəxsiyyəti götürülən analiz nümunələri əsasında müəyyən edilsin, onların nəşini öz ata-baba yurdlarında dəfn edə bilsinlər.

Elnur Vahidoğlu