Gəncədə “Müharibədən əziyyət çəkən qadınlara sosial-psixoloji dəstəyin göstərilməsi” layihəsi çərçivəsində şəhid ailələrinin üzvləri işğaldan azad olunmuş ərazilərə səfər ediblər. Əməkdaşımız Valeh Anaroğlu da həmin səfərlərin iştirakçısı olub. Onun hazırladığı geniş videomaterialı ekranlara gətiririk.
Gəncədən olan şəhid ailələrinin üzvlərinin ziyarət etdikləri ilk ünvan "Qafqazın Xirosiması" adlandırılan Ağdam olub. Övladları, yaxınları topraq uğrunda canından keçənlər buradakı erməni vəhşiliyini öz gözləri ilə görüblər. Şəhid ailələrinin üzvləri Ağdam Cümə məscidi, İmaməli xanın imarət kompleksi, Ağdam şəhidlər xiyabanı kimi məkanları ziyarət ediblər.
İki gün ərzində reallaşan səfərin əsas məqsədi Vətən müharibəsində qəhrəmanlıqla döyüşərək şəhidlik zirvəsinə ucalan oğullarımızın xatirəsini bir daha yad etmək, erməni işğalından azad olunmuş əraziləri ziyarət etmək, erməni vandalizminin izləri, işğaldan azad edilmiş ərazilərdə sürətlə həyata keçirilən quruculuq işləri ilə tanışlıq olub.
Səfərin ikinci günü Gəncədən olan şəhid ailələrinin üzvləri Tərtər rayonunun Suqovuşan qəsəbəsi və Talış kəndində olublar. Qüdrətli Azərbaycan Ordusunun rəşadəti nəticəsində bu ərazilərimizdə dalğalanan şanlı Azərbaycan bayrağının altında ziyarətçilərə bu yerlərdə aparılan quruculuq işləri, yaradılan infrastruktur barədə ətraflı məlumat verilib.
Həyəcanlı şəkildə addımlayan, gözü övladlarının xatirələrini axtaran, qanı ilə tarix yazan qəhrəmanları yetişdirən şəhid valideynlərinin üz tutduqları növbəti istiqamət Talış yüksəkliyidir. Uğrunda neçə-neçə canlar fəda olan Talış yüksəkliyi...
Gördüyünüz kimi hava şəraitinin soyuq olmasına baxmayaraq şəhid ailələrinin üzvləri xüsusən də şəhid anaları, Talış yüksəkliyinə doğru hərəkət edirlər. Onlar öz övladlarının canı və qanı bahasına azad etdiyi əraziləri ziyarət etməkdən böyük məmnunluq duyurlar.
Ərazidə yerləşən qədim alban məbədini ziyarət edənlərin hər biri övladlarının şəhid olduğu torpaqlarda onların izlərini axtarırdılar. Axı bura onlar üçün əbədi ziyarətgahdır..
Layihənin həyata keçirilməsində əsas hədəflərdən biri sosial-psixoloji maarifləndirmə işləri aparmaq, şəhid ailəsi üzvlərinin və ermənilərin raket hücumlarına məruz qalan şəxslərin reabilitasiyasına nail olmaq, Qarabağın dirçəldilməsinə və inkişafına cəlb etməkdir.
Torpaq uğrunda ölən varsa, Vətəndir. Vətən uğrunda gözünü qırpmadan şəhadətə ucalanların ailə üzvlərinin hər biri dövlətin himayəsindədir. Vətəndaş cəmiyyəti nümayəndələrinin şəhid ailələrinin yanında olması da, onlara göstərilən diqqət və qayğının bariz nümunəsidir.
Valeh Anaroğlu
- Baxış: 739