• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1767
— 26.02.2022 16:17

Faciədən canlarını qurtaran Xocalı sakinləri

KepezTV Player

Əliyalın əhaliyə qarşı ermənilər tərəfindən törədilən Xocalı soyqırımı tarixin ən ağır cinayətlərindəndir. Həmin gecədə baş verən həyat faciəsinə Nəsirovlar və Quliyevlər ailəsinin timsalında bir daha şahidlik edəcəyik.

Ramiz Nəsirov Xocalı özünümüdafiə batalyonunun komandir heyətində yer alıb. Xocalıda baş verən hadisələr fonunda Rusiyanın Sankt-Peterburq şəhərindən vətənə qayıdan Nəsirov, soyuq qış ayında baş verən bu olayı insanlıq dramı adlandırır. Xüsusən də əliyalın, zəif insanları hədəf alan qəsbkarların heç kimə güzəştə getmədiyini deyir.

Baş verənlərlə barışa bilmədiyini deyən Ramiz Nəsirov həyat yoldaşını və qaynatasını həmin gecə itirib. Meşəlik ərazilərdə insanlara pusquların qurulduğunu bildirən müsahibim, yaşlıların, qadınların və uşaqların mühasirədən çıxarmaq üçün əlindən gələni edib. Ancaq o, soyuq havada donaraq dünyasını dəyişənlərə heç cürə köməklik göstərə bilmədiyini deyir.

Ermənilərin törətdiyi vəhşilikləri xatırlayan Nəsirov, gələcək nəsillərin bu faciəni hər zaman xatırlamalı olduğuna diqqət çəkir. Həmçinin həmin vaxt olan pərakəndəliyi belə xatırlayır

Quliyev Vəliyəddin də Xocalı faciəsinin şahidlərindəndir. Oğlu Quliyev Natiqi Xocalıda itkin verən ata, hələ də onun bir gün qayıdacağına ümid edir. Onun xatirələri ilə yaşayan Vəliyəddin müəllim həmin gecəni belə xatırlayır.

Oğlunun axtarışı ilə bağlı dəfələrlə Milli Qəhrəman Allahverdi Bağırovla görüşən müsahibim, digər itkin düşən vətəndaşların taleyi ilə də maraqlanıb. Oğul həsrəti ilə yaşayan ata hələ də ümidlidir.

Xocalı qurbanlarını öz gözləri ilə görən Vəliyəddin müəllim, kadrların dəhşətli olduğunu deyir. Ermənilərin hətta cəsədlərə də təcavüz etdiyini bildirir. Həmin görüntülərin yaddaşından heç vaxt silinməyəcəyini vurğulayır.

Azərbaycan xalqının başına gətirilən qanlı faciələr bir daha onu göstərir ki, erməni cəlladları özlərinin avantürist planlarını həyata keçirməyə daim əlverişli bir məqam axtarıblar. Xocalı soyqırımına yalnız Ümummilli lider Heydər Əliyevin fəal təşəbbüsü və diqqəti sayəsində hüquqi-siyasi qiymət verilib. Bu gün 20-ə yaxın ölkə bu faciəni soyqırım kimi tanıyır. Lakin çox təəssüf ki, Xocalı soyqırımı hələ də beynəlxalq aləmdə əsl hüquqi-siyasi qiymətini tapmayıb və günahkarlar cəzalarına çatmayıblar.

Valeh Anaroğlu