• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2230
— 17.02.2022 22:26

Psixonevroloji müəssisədə 135 nəfər müalicə alır

KepezTV Player

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Sosial Xidmətlər Agentliyinin nəzdində fəaliyyət göstərən 3 saylı Psixonevroloji sosial xidmət müəssisəsi Göygöl rayonunun Qırıqlı kəndində yerləşir. Müəssisə ötən əsrin sonlarından fəaliyyətə başlayıb. Uzun illər baxımsız və təmirsiz vəziyyətdə qalan bina, ölkəmizdə sosial infrastrukturun müasir tələblərə uyğun qurulması proqramı çərçivəsində əsaslı şəkildə təmir olunaraq istifadəyə verilib.

Göygöl rayonundakı 3 saylı Psixonevroloji Sosial Xidmət Müəssisəsində müvafiq kateqoriyadan olan 135 şəxs stasionar şəraitdə reabilitasiya yönümlü sosial xidmətlərlə təmin olunur. Son illər sosial infrastrukturun müasir tələblərə uyğun qurulması proqramı çərçivəsində müəssisədə də əsaslı təmir və yenidənqurma işləri aparılıb. Yeni məişət avadanlıqları, reabilitasiya vasitələri, müasir cihazlarla təmin edilib.

Müəssisədə sakinlərin rahat yaşayışı və sosial reabilitasiya tədbirləri ilə əhatə olunması üçün müasir şərait mövcuddur. Onlar üçün normativə uyğun olaraq geyim əşyaları, keyfiyyətli qidalarla təminatı, müvafiq hallarda ilkin tibbi yardımın və ixtisaslaşdırılmış tibbi xidmətin təşkili işləri həyata keçirilir. Eyni zamanda, əmək terapiyası, bacarıqların inkişafı üçün dərnəklər də fəaliyyət göstərir.

Burada asudə vaxtın təşkili üçün də sosial işçilər tərəfindən müxtəlif fəaliyyət proqramları tətbiq olunur. Bu həm fiziki inkişafın, həm də istirahətin normal təşkil olunmasına xidmət edir.

Son üç ildə respublikada 12 reabilitasiya və sosial xidmət müəssisəsi əsaslı təmir və yenidənqurmadan sonra  istifadəyə verilib. Bu rəqəm onu deməyə əsas verir ki, cəmiyyətimizin sosial cəhətdən həssas kateqoriyasına aid olan şəxslərin rifahı dövlətin diqqətindədir.

Valeh Anaroğlu