Qazaxda məktəblilər arasında bıçaqlanma hadisəsi baş verib. Hadisə məktəbdə baş verməsə də dərs zamanı rayonunda mərkəzi stadionda qeydə alınıb. İki şagird arasında mübahisə birinin digərini bıçaqla ağır yaralaması ilə nəticələnib.
Mübahisə edənlər Qazax şəhər Səməd Vurğun adına 2 nömrəli tam orta məktəbinin 10 və 11-ci sinif şagirdləri olub. Hadisəni törədən məktəbin 10-cu sinif şagirdi Vəliyev Qaraca Namiq oğlunun olduğu bildirilir. Futbol meydançasında mübahisə zamanı o 11-ci sinif şagirdi Yunis Xəqani oğlu Yolçuyevə 2 bıçaq zərbəsi vurub. Xəsarət alan məktəbli Qazax rayon mərkəzi xəstəxanasına yerləşdirilib. Reanimasiya şöbəsində müalicə alan yeniyetmənin həyatı üçün hər hansı təhlükəsi yoxdur.
Hadisə baş verən rayon mərkəzi stadionu sözügedən məktəbin yaxınlığında yerləşir. Məktəbdən və Təhsil Şöbəsindən hadisə ilə bağlı münasibət öyrənmək mümkün olmadı. Şagirdlər arasında mübahisənin hansı səbəbdən yarandığı polis tərəfindən araşdırılır.
- Baxış: 695