• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1233
— 22.01.2022 20:32

Mühafizə polisi - etibarlı keşikçi

KepezTV Player

Mühafizə polisi mühüm sosial və strateji obyektlərin, eləcə də xidməti ərazidə yerləşən çoxlu sayda fərdi yaşayış evlərinin etibarlı mühafizəsini təşkil etməklə yanaşı ictimai asayişi qorumaqda və cinayətkarlıqla mübarizədə sayıq xidmət aparır. Daxili İşlər Nazirliyinin Baş Mühafizə İdarəsi tərəfindən aparılan xidmət Gəncədə də yüksək qiymətləndirilir.

Əmlakını, obyektini qorumaq məqsədilə təhlükəsizlik tədbirləri həyata keçirmək ilk növbədə əmlak sahibinin üzərinə düşür. Adətən, mənzillərdə kamera nəzarət sistemlərinin quraşdırılması oğurluq cinayətlərinə qarşı effektiv üsul kimi tövsiyə edilir. Çünki belə nəzarət kameraları daha çox dəlil-sübut “toplayır”, bu da cinayətin üstünün açılması üçün zəruridir. Ancaq, bu “üstünlük” bəzi hallarda cinayətin qarşısının alınmasında heç də arzuolunan nəticəni vermir. Bəs bu məsələyə sakinlərin yanaşması necədir?

Güvənilən mühafizə, qətiyyətli mübarizə. Bu Mühafizə Polisinin başlıca iş prinsipidir. Mənzil və obyektlərdə oğurluq cinayətlərindən sığortalanmaq üçün DİN Baş Mühafizə İdarəsinin xidmətindən istifadə etmək ən doğru seçimdir desək yanılmarıq. Çünki onların mühafizə etdiyi məkanlarda oğurluğa cəhd edənin ən böyük “uğuru” uzaqbaşı, cinayət başında yaxalanmaq olub, bundan daha artığına “macal tapmayıb”. Bunu Baş Mühafizə İdarəsi ilə bağlanmış müqavilə əsasında əmlakının etibarlı qorunmasını təmin edən və xidmətdən yararlanan sahibkarlar da təsdiq edir.

Gəncə Regional Mühafizə İdarəsinin əməkdaşları mühafizə olunan obyektlərin təhlükəsizliyinin təmin edilməsi istiqamətində şəhər ərazisində mütəmadi olaraq xidmət aparır. Bura həm xüsusi texniki vasitələrlə obyektlərin izlənilməsi, həm də gündəlik naryad fəaliyyəti daxildir.

Vətəndaşlar obyektlərinin və fərdi yaşayış evlərinin etibarlı mühafizəsini əminliklə mühafizə xidmətinə həvalə edə bilərlər. "Həyəcan" siqnalının daxil olmasından sonra qısa vaxt ərzində mühafizə polisinin hadisə yerinə çatması, mütəmadi olaraq təlimlərin keçirilməsi, onların öz işinə peşəkar yanaşması fəaliyyətlərinin əsas göstəricisidir.

Onların işinin axşam saatlarında necə təşkil olunmasını yaxından izləmək üçün Gəncə Regional Mühafizə İdarəsindəyik.

Mühafizə polisləri patrul fəaliyyətini yerinə etmək üçün mühafizə postlarına yola düşürlər.

Mühafizə olunan obyektlərdə təhlükəsizliyi yoxlamaq üçün iki nəfərdən ibarət olan patrullar ayrı-ayrılıqda sözügedən məkanların giriş-çıxışlarını, pəncərələrini, ehtiyat girişlərini, obyektlərin həyətlərini diqqətlə yoxlayırlar.

Məlumat üçün bildirək ki, ötən il mülkiyyət əleyhinə olan cinayətlərin sayı azalıb. Bu isə onu göstərir ki, vətəndaşların can və əmlak güvənliyi yüksək səviyyədə təmin olunur. Çünki mənzillərinin mühafizəsini müasir maddi-texniki təminata malik peşəkar polis əməkdaşlarına etibar edənlər, həm əmlaklarının tam qorunmasına nail olur, həm də kriminogen vəziyyətin daha da aşağı düşməsinə, cinayətkarlığa qarşı mübarizəyə töhfə verirlər.

Valeh Anaroğlu