• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1329
— 25.12.2021 12:51

İlham Əliyev: "Bir şeyə kədərlənirəm ki, atam bu günü görə bilməyib"

KepezTV Player

"Bu gün biz azad Qarabağdayıq. Bu gün biz azad Zəngəzurdayıq. Biz - bu torpaqların sahibləri bu torpaqlara qayıtmışıq və bundan sonra biz bu torpaqlarda əbədi yaşayacağıq. Azərbaycan xalqının mənim sözlərimə inamı məni daha da çox inandırırdı ki, biz buna nail olacağıq". Bunu isə Prezident İlham Əliyev ötən gün Şuşada Cıdır düzündə çıxışı zamanı deyib. Dövlət başçısı adətən öz ad günlərini qeyd etmədiyini, həmin tarixlərdə sosial obyektlərin açılışında iştirak etdiyini, məcburi köçkünlər, şəhid ailələri ilə görüşdüyünü diqqətə çatdırıb. 50 illiyini Qarabağda – Ağcabədidə, 60 illiyini isə Şuşada keçirdiyini vurğulayaraq bu iki tarix arasında canlı bağlantı olduğunu deyib.

İlham Əliyev Azərbaycan Respublikasının Prezidenti: Bu gün azad Qarabağda, Şuşada və Hadrutda olarkən mən, - əgər belə demək mümkündürsə, - öz ad günümü qeyd edirəm. Bu gün səhər Hadrutda Müzəffər Azərbaycan Ordusunun Ali Baş Komandanı kimi yeni silahlı birləşmə olan Komando Briqadasının hərbi hissəsinin açılışında iştirak edirdim. Mən bilirdim və hesab edirəm Azərbaycan xalqı da bu seçimi dəstəkləyər ki, bu gün mən Prezident, Ali Baş Komandan kimi hərbçilərə, Müzəffər Azərbaycan Silahlı Qüvvələrinə öz təşəkkürümü bildirmək və onların qarşısında yeni vəzifələr qoymaq üçün hərbçilərlə birlikdə olmalı idim.

Bu gün keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin tərkib hissəsi olan Hadrutda - Xocavənd rayonunda ordu quruculuğunda aparılan işlərin yeni mərhələsinə qədəm qoyduq. Ondan sonra isə Şuşaya gəldim. Bu, mənim Şuşaya bu il yeddinci səfərimdir. Şuşa hər birimizi özünə çəkir. Düzdür, mən burada – Şuşada müxtəlif tədbirlərin açılışlarında iştirak etmişdim. O tədbirlər ki, Şuşanın Azərbaycan xalqına, Azərbaycan mədəniyyətinə məxsus olmasını bir daha təsdiqləyir. Amma, eyni zamanda, hər dəfə Şuşada hansısa tədbir nəzərdə tutulduqda böyük həvəslə, böyük sevgi ilə, məhəbbətlə Şuşaya gəlirdim və hesab edirdim ki, bu günü də mən məhz burada - Şuşada hər birimiz üçün əziz olan Cıdır düzündə qeyd etməliyəm və bunu edirəm.

Bu gün bir şeyə kədərlənirəm ki, atam bu günü görə bilməyib. Ancaq bilirəm ki, onun ruhu şaddır. Necə ki, Vətən həsrəti ilə yaşamış və həyatdan getmiş, azad edilmiş bu torpaqları görməyən minlərlə, on minlərlə məcburi köçkünlərin ruhu şaddır, şəhidlərimizin ruhu şaddır. Biz şəhidlərimizin qanını yerdə qoymadıq, qanını aldıq və əcdadlarımızın ruhunu şad etdik.