• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2403
— 29.10.2021 20:34

Şuşada yenə də Bülbülün sədası eşidilir

KepezTV Player

Opera müğənnisi, təsnif ifaçısı, Azərbaycan peşəkar vokal sənətinin banisi  Bülbülün Şuşadakı ev muzeyinə səfər edəcəyik. Bir zamanlar ermənilərin dağıdaraq xarabaya çevirdikləri ev doğma sakinləri qarşılamağa və onları keçmişə aparmağa hazırdır.

Bülbülün dağıdılmış ev muzeyinin görüntüləri ilə sarsılmışdıq bir zamanlar. Dahi sənətkarın gözləri oyulmuş heykəli, uşaqlığının keçdiyi uçulub dağılan ata yurdu Şuşanın kimlərin əlində əsir olduğunu bir daha göstərirdi. Bu görünənləri özümüzdən başqa görən, ürəyi yanan da yox idi. Hardasa bir daşın yeri dəyişsə, hay-küy salan saysız qurumların da səsi çıxmırdı. Amma 2020-ci ildə ədaləti bərpa edən Azərbaycan Ordusunun əzmi sayəsində bu gün viran qalmış tikililərimiz əvvəlki görkəminə qayıdır. Bülbülün evi də belə məkanlardandı. İndi bu evin çırağı yanır, indi bu həyətdə Bülbülün ifası eşidilir.

Evə məxsus həyətyanı sahə ilkin görkəmi saxlanılmaqla bərpa olunub. Murtuza Məmmədovun Bülbül olmasına vasitəçi olan bu ağac da indi daha əzəmətli görünür.

Bina 1982-1983-cü illərdə təmir olunub, muzey ekspozisiyası qurulub və önündə inzibati bina inşa edilib. İki mərtəbəli binanın birinci mərtəbəsi muzey əməkdaşları üçün nəzərdə tutulub.

Bülbülün anadan olduğu, uşaqlıq illərini keçirdiyi, ilk dəfə  musiqi aləminə qədəm qoyduğu bu evi daha yaxşı tanımaq üçün tarixə bir az nəzər salaq.

Bəli, bu həyatda heç nə təsadüfi deyil. Bu günəş rəmzi Bülbülün doğulmasından illər öncə vurulub o divara. Altı uşaqlı ailənin övladı olan Murtuza da Azərbaycan musiqi tarixində günəş kimi parladı.

Bina Qarabağın tarixi yaşayış binalarının xüsusiyyətini özündə əks etdirir, otaqların daxili quruluşu Azərbaycanın ənənəvi evlərinə xasdır. Bülbülün yeniyetməlik dövrünü əks etdirən maketin olduğu stenddə musiqiçinin şəxsi əşyaları sərgilənir. İçərisində sənədlərin saxlandığı sandıqca, Bülbülün istifadə etdiyi qaval bizi bir anlıq dahi şəxsiyyətin yaşadığı dövrə aparır.

Bülbülün təxminən 24-25 yaşında Gürcüstanda çəkdirdiyi bu şəklin də maraqlı tarixi var.

Muzeydə olan bu monitor vasitəsilə xalq artistinin həyat və yaradıcılığı barədə Azərbaycan və rus dillərində dolğun məlumatlar almaq mümkündür. Gələcəkdə bu məlumatlar ingilis, alman və çin dilində də olacaq. Qonaqlar monitoru açmaqla Bülbül haqqında dahilərin dediyi fikirlərdən xəbərdar ola bilərlər. Həmçinin nadir şəkillər və kadrlara baxmaq, Bülbülün ifalarını dinləmək, konsert görüntülərini izləmək şansı var.

Vatxilə muzeydə Bülbülün yaradıcılıq, elmi-tədqiqat, pedoqoji, ictimai fəaliyyətini əks etdirən 9 minə yaxın sənəd olub. Şuşanın işğalı nəticəsində minlərlə eksponat məhv edilib. Ancaq xoşbəxtlikdən onlardan bəzilərini qorumaq mümkün olub. Sənətkarın  1927-31-ci illərdə İtaliyada təhsil aldığı illərin fotoları, digər dahilərlə birgə çəkdirdiyi şəkillər kimi.

Muzeydə Ulu öndər Heydər Əliyevin Bülbülün Bakıdakı ev muzeyində keçirdiyi görüşlərin fotolarını görə bilərsiniz. Ümummilli lider və Zərifə Əliyevanın yazdığı ürək sözlərinin mətni də sərgilənən eksponatlar sırasındadır.

Ötən il tarixin ədalətin yerini tutmasına sevindik. İndi isə növbə şanlı tarixin təkrarlanmasındadır. Biz bu evdə Bülbülün avazını yenidən eşidirik və eşitməyə də davam edəcəyik. Şuşada yenə Bülbüllər yetişəcək...