• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1429
— 17.10.2021 20:15

17 oktyabrın gecəsində qalıb, səhərini görməyənlər

KepezTV Player

Məryəm, Nigar, Mədinə, Nilay, Sevil, Hüseyn... Onlar o yaşda və o gecədə qaldılar. Uşaq ömürlərinə nə bahar gəldi, nə gün doğdu. Gecələrinə sabah belə doğmadı. Bir gurultu doğdu o gecə düşmən səmtdən...Bomba kimi... Arzular, ümidlər, xəyallar, hətta o körpələrin yatarkən həmin gecə gördükləri yuxular belə qəlpələrə qərq olub, yox oldu. O dəhşətli gecəni ötən il əməkdaşımız qələmə aldı, düşündük ki, yenidən qayıdaq o tarixə...

“Həyatın bütün sevinci bir uşağın təbəssümündə cəmlənib. Yalnız uşaqlar qüsursuz bir gülüşlə gülməyi bacararlar. Bu balaların qüsuru da qüsursuz təbəssümləriydi”.

Hər kəs Bəxtiyarı  gülərüz simasıyla tanıdı. Baxmayaraq ki, o da ailəsiylə birgə 11 oktyabrda  ermənilərin törətdiyi terrorun qurbanına çevrilmişdi. O, dağıntılar arasından yaralı vəziyyətdə çıxarılsa da üzündəki nuru, təbəssümü itirmədi. Bəxtiyar, həmin gecənin qəhrəmanına, ümidinə çevrildi. Təəssüf ki,  təlatümlü gecədə heç də orada yaşayan bütün uşaqlar şanslı deyildilər. Neçə məsum körpənin gözü yaşlı, neçə ailə evsiz qaldı. Hələ ana nəfəsini doyunca almayan, ata qucağında ərköyünləşməyə macal tapmayan 2 yaşlı Nilayın isə taleyi daha acınacaqlı idi. O, dağıntılar altında həm atasını, həm anasını, həm də nənəsini itirdi. Düşmən onu bir neçə ay sonra dünyaya  gələcək qardaşından və ya bacısından da ayırdı...

Bəli, Gəncə soyqırımı  bəşəriyyətin ən amansız tarixi hadisələrindən birinə çevrildi. Bir gecədə böyüyən 16 yaşlı Sevil, 8 yaşlı Hüseynin də valideynlərinin cansız bədəni o daşların altında qaldı. İndi Hüseyn ana qoxusunu bacısında tapacaq, indi o, həm də bacısına ata olacaq.

2 yaşlı Məryəm isə baş verənləri sükutla qarşıladı. Partlayışdan nitqi tutulan balanın hələ yenicə dilinə aldığı kəlmələr elə nitqindəcə qurudu.

“Mənim xəyəllarım vardı.

Mənim öz dünyam vardı...”

Xəyalları puça çevrilərək şəhidlik zirvəsinə ucalanlar arasında 15 yaşlı Nigar Əsgərova da var. 17 Oktyabr... Daha bir müdhiş gecənin tarixidir.... Erməni daşnaklarının törətdiyi daha bir cinayətin günüdür. Bu gecə daha ağır idi. Bu gecə daha çox azyaşlının canı yandı. Nigar, onların arasında böyüyü idi.  O,  18 okyabr- Müstəqillik günündə dünyaya göz açıb. Ata-anasının körpə balalarını sevinclə qucaqlarına almaqlarından 15 il ötəcəkdi. Bəlkə də axşamdan qızlarının ad gününə hazırlıq da görmüşdülər. Anası Nigarın ən sevdiyi yeməkləri bişirmişdi, atası qızının ən sevdiyi hədiyyəni sürpriz edəcəkdi. Nigar bəlkə tort şamını üfürərkən həyatdakı ən böyük arzusunu tutacaqdı. Nə biləydi ki arzusu nakam qalacaq balaya, düşmən ən böyük sürprizi hazırlayıb?! Tariximizin ən əlamətdar günündə doğulan balanın elə ölüm günü də tarix yazdı... Görəsən Nigar böyüyəndə kim olacaqdı- həkim, hüquqşunas, ya müəllim?!

Düşmən tənəsi 1 yaşlı Mədinənin də canı bahasına başa gəldi. Bu gecə onun son şirin yuxusu oldu. Anası son dəfə balasını isti şalla bağladı, son dəfə bağrına basdı, son dəfə balasını qucaqlayıb ona laylay dedi.

“Laylay dedim yatasan,

şirin yuxuya batasan”

Əbədi şirin yuxuya....

Mədinənin bacısı Xədicənin isə gələcəyi hələ qabaqdadır. Ancaq o, bu fəlakətdə ata-anasını, 1 yaşlı bacısını son mənzilə yola saldı. Ailəsindən, evlərindən geriyə qalan isə yalnız əmziyidir. Yaralı halda dağıntılar altından çıxarılan 3 yaşlı qızcığaz özü ilə əlində bərk-bərk sıxdığı əmziyini götürə bilmişdi. İndi yaralarının acısını bu əmzik unutdurur. Hələ ki xəstəxanadadır, hələ ki tam ayılmayıb. Hərdən gözünü açanda isə anasını sayıqlayır. Sən sağalıb ana-atanı axtaranda xalan sənə nə cavab verəcəyini bilmir, Xədicə.

17 oktyabr gecəsində daha 3 məktəbli də həlak oldu. Məktəb partalarında daha 3 yer də boş qaldı. 3 şagirdin gələcəyinə qaranlıq çökdü. Ermənilərin əlləri daha 3 Azərbaycanlı mülki vətəndaşın qanına batdı. Dünyanın daha 3 günahsız  sadə vətəndaşı qətlə yetirildi. Dünya tarixinə növbəti terror hadisəsi  yazıldı. O tarix ki Məryəmlərin, Nigarların, Mədinələrin, Nilayların, Sevillərin, Hüseynlərin göz yaşları ilə, qanları ilə yazılıb. Bu körpələr vətənin sevinc yükünü öz çiyinlərində daşıdılar. Onlar mərdlik, kişi rəmzi olub torpağını tərk etməyərək canlarını sipər etdilər.<br>“İnsan, təbəssüm ilə göz yaşı arasında gedib gələn bir rəqqasdır”. Onların göz yaşlarını Qarabağ torpaqlarında şanlı 3 rəngli bayrağımızı dalğalandıran ər oğullarımız silir. Onların qısasını Azərbaycan ordusu döyüş meydanında alır.  Mərd ərənlərimiz şücaəti ilə dünyaya sübut etdilər ki, “Qarabağ Azərbaycandır!”