• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2089
— 04.10.2021 20:31

Cəbrayıl artıq azaddır

KepezTV Player

Həsrətin də sonu olurmış, işğalın da. 27 illik Cəbrayıl həsrətinin, işğalının sonu olduğu kimi. Bu həsrətə ötən ilin bu günü, bir neçə gün davam edən şiddətli döyüşlərdən sonra Azərbaycan Ordusu son qoydu. Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev isə bu müjdəni xalqa çatdırdı. Bu gün həmçinin, Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun 2010-cu il iyunun 18-də təkbaşına döyüşərək xeyli sayda düşmən qüvvəsini məhv etdiyi posta Azərbaycan bayrağı sancılıb.

Bu gün Cəbrayıl şəhərinin işğaldan azad olunmasının bir ili tamam olur. Ötən ilin bu günü, 4 oktyabr 2020-ci il tarixində Ali Baş Komandan İlham Əliyevin müjdəsini verdiyi xəbərlə Cəbrayıl şəhərinin 27 illik əsarətdən sonra düşmən tapdağından azad olunduğunu rəsmiləşdirdi.

İlham Əliyev Azərbaycan Respublikasının Prezidenti: Bu gün Cəbrayıl şəhəri və Cəbrayıl rayonunun doqquz kəndi işğaldan azad edildi. Bu tarixi hadisə münasibətilə bütün Azərbaycan xalqını ürəkdən təbrik edirəm. Cəbrayıl rayonunun və işğal olunmuş digər ərazilərin azad edilməsində fəal iştirak etmiş bütün əsgər və zabitlərimizi ürəkdən təbrik edirəm. Onların qəhrəmanlığı, şücaəti nəticəsində bu gün bizim doğma torpaqlarımız bizə qayıdıb. Bu qanlı döyüşlərdə həlak olmuş bütün şəhidlərimizə Allahdan rəhmət diləyirəm, yaralı hərbçilərimizə Allahdan şəfa diləyirəm. Uzun illərdən sonra Cəbrayıl şəhəri azad edildi. Cəbrayıl bizimdir!”

8 avqust 1930-cu ildə təşkil edilən Cəbrayıl şəhəri 23 avqust 1993-cü ildə Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilib. İşğal nəticəsində rayona külli miqdarda ziyan dəyib, Cəbrayıl sakinləri respublikanın 58 rayonuda özünə məskən salıb. Nəhayət, ötən il cəbrayıllıların da qaçqınlıq statusu üzərlərindən götürülüb.

Valeh Anaroğlu