• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1607
— 04.10.2021 12:22

"Suqovuşanda dayanmışam. Kişiliyin varsa, gəl buraya"

KepezTV Player

Suqovuşan qəsəbəsinin azad edilməsi strateji nöqteyi-nəzərdən çox böyük əhəmiyyət kəsb edirdi. Çünki bu qəsəbənin yerləşməsi müharibənin gedişatında önəmli rol oynayırdı və qəsəbənin əlimizdə olması bizə gələcək əməliyyatlarımızda üstünlük təşkil edirdi. Ötən gün Tərtər rayonunun Suqovuşan qəsəbəsində Azərbaycan bayrağını ucaldan Prezident İlham Əliyev qeyd edib ki, sentyabrın 27-də 6 kənd, Murovdağ silsiləsi, Ağdərə dağları, oktyabrın 3-də isə 8 kənd, o cümlədən Suqovuşan qəsəbəsi və Talış kəndi, oktyabrın 4-də bir çox kəndlərin, o cümlədən Cəbrayıl şəhərinin azad olunması ordumuza əlavə güc verdi, Ermənistan ordusunun gözü qorxdu. Ermənistan ordusunda on mindən çox fərari olub. Bu fərarilərin içində Ermənistanın keçmiş prezidenti Ser Sarkisyanın da olduğuna diqqət çəkən Prezident İlham Əliyev Azərbaycan hərbçilərinin məhz Sarkisyanın ordusunu məğlub etdiyini vurğulayıb.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev : Müharibə ilə bağlı təhlillər onu bir daha göstərir ki, bu müharibənin uduzan tərəfi məhz Serjik Sarkisyan və onun kimilərdir. İndi o, məğlubiyyəti Paşinyanın üstünə atmaq istəyir. Guya Paşinyan günahkardır. Paşinyan 2018-ci ildə hakimiyyətə gəlib. O, cəmi iki il ərzində ordu yarada bilərdi? Yaxud da ki, “möhkəm”, “güclü ordu”nu dağıda bilərdi? Bu ordunu yaradan Serjikdir. Serjik Ermənistanda müdafiə naziri olub. Serjik Ermənistanda baş nazir olub. Prezident Administrasiyasının rəhbəri olub, Təhlükəsizlik Nazirliyinin rəhbəri olub. Prezident olub 10 il ərzində. Bu ordunu yaradan Serjik deyil, kimdir? Biz o ordunu məhv etməklə Serjiki və onun kimi ünsürləri məhv etdik. Qoy o, bu məğlubiyyəti Paşinyanın üstünə atmasın. Paşinyan nə edib, o başqa məsələdir. Ancaq biz Serjiki məğlub etmişik, onu diz çökdürmüşük, onun belini qırmışıq. O, bizim qabağımızda, onun qurduğu ordu bizim qabağımızda diz çöküb. Bu gün mən buradayam, Ali Baş Komandan kimi keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin ərazisindəyəm. Serjikin kişiliyi çatırsa, gəlsin bura. O, kişilikdən danışır. Qafqazda kişilikdən danışır. Birincisi Qafqaza bunun millətinin heç bir aidiyyəti yoxdur. Onlar gəlmədirlər, haradan gəliblər, hamı yaxşı bilir. İkincisi, kişilikdən danışırsansa, gəl kişi kimi buraya. Bax, mən burada dayanmışam. Sənin “Madagiz” adlandırdığın Suqovuşanda dayanmışam. Kişiliyin varsa, gəl buraya. Yoxsa orada - İrəvanda oturub banlamaqla özündən qəhrəman düzəldə bilməzsən. Demişəm bir dəfə, hələ sinəsində gəzdirdiyi o dəmir-dümürləri zibil yeşiyinə atsın. Onların heç bir qəpik də qiyməti yoxdur. Ona ən yaxşı cəzanı da erməni xalqı verib, 2018-ci ildə bir təpiklə onu vəzifədən qovub. 2018-ci ildə seçkilərdə növbəti saxtakarlıq törədərək özünə 50 faizdən çox səs yazdırıb. Bu cinayətin şəriki ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosudur. Çünki onlar Serjiklə əlbir olaraq, - bilmirəm, sövdələşmə nəyin əsasında olub, amma təxmin edə bilərəm, - onun qələbəsini tanıyıblar. Bu adamı Ermənistanda kütləvi surətdə lağa qoyurlar, ələ salırlar, ona nifrət edirlər. O, seçkilərdə özünə 50 faizdən çox səs yazdırır, özünü baş nazir təyin etdirir və ATƏT də buna göz yumur, buna razılıq verir. Bax, iki saxtakar - biri ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu, hansı ki, Azərbaycana hər zaman xor baxır, biri də Serjik. Nə oldu, sonra erməni xalqı qalxdı. Erməni xalqı qalxıb bir təpiklə onu vurub atdı çölə. Ondan sonra nə etdi? Ondan sonra məzlumcasına gəlib dedi ki, mən haqlı deyildim, Nikol haqlı idi. Özünə kişi deyən adam belə söz deyər?! Özünə kişi deyən adam bu qədər özünü alçaldar?! Bax, bunu belə heç ediblər.