• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1901
— 03.10.2021 20:05

Tarix durduqca yaşayacaq igidlər

KepezTV Player

Azərbaycan əsgəri.. O əsgər ki, yalnız işğal altındakı əraziləri deyil, hədəf seçilən mülki şəxsləri xilas etməsi, hədəf seçilərək öldürülən günahsız insanların qisasını alması, öz şəhadəti ilə bir ailənin övladı olmaqdan çıxaraq hamının doğmasına, əzizinə, milyonların sevimlisinə çevrilməsi ilə şanlı şəhadət dastanı yazdı.

Ali Baş Komandan İlham Əliyevin rəhbərlik etdiyi Azərbaycan Ordusu əsrin qələbəsini qazandı.30 illik yolu 44 günə qət etdi. Bütün dünyanı heyrətə gətirən isə gülə-gülə, sevə-sevə, nəğmələr oxuya-oxuya, qorxu bilmədən düşmən üzərinə gedən Vətən övladları oldu. Həmin qəhrəmanlar ki, günlərlə ac, susuz qaldılar. Ancaq üzlərindəki o təbəssüm, qəlblərindəki qisas alovu qələbə qazanana qədər sönmədi ki, sönmədi. Bu müqəddəs amal uğrunda qorxu bilmədən irəliləyən igidlərin bir məqsədi var idi. Vətən torpaqlarının bütövlüyünün təmin edilməsi. Himnimizin sözlərində deyildiyi kimi, minlərlə can qurban oldu, ana vətən Azərbaycanımızın sinəsi hərbə meydan oldu. Şəhadətə ucalan nərlərin yalnız işğal altındakı əraziləri deyil, hədəf seçilən Tərtəri, Gəncəni, Bərdəni xilas etməsi, orada öldürülən günahsız insanların qisasını alması bizim savaşımızın bir daha haqq savaşı olmağını təsdiq etdi. Azərbaycan gəncliyinin vətənpərvərliyi, Azərbaycan əsgərinin Ali Baş Komandanın döyüş əmrini ləyaqətlə və şərəflə yerinə yetirməsi gücümüzü bir daha göstərdi. Döyüş meydanında ölümün gözünə dik baxan qəhrəmanlar bir daha sübut etdilər ki, həmin soyun davamçılarıdırlar. Babək, Cavanşir, Cavad xan, Şah İsmayıl Xətai kimi neçə-neçə sərkərdə, tarix yazan şəxsiyyətlər yetişdirən bir məmləkətin övladları  tarix yazmaqda davam etdilər. Müharibə dövründə hamımız bir şüarla yaşayırdıq – öldü var, döndü yoxdur. Arxa cəbhə ilə ön cəbhənin bir cəbhədəki mübarizəsi isə gücümüzə güc qatırdı. Günahsız insanların həlak olması, şəhər və kəndlərimizin dağıdılması Azərbaycan xalqının iradəsini qıra bilmədi. Güclü iradəni formalaşdıranlar isə bizə bu qələbəni bəxş edənlər idilər. Tarix durduqca, zəfər tarixini yazan şəhidlər, qazilər, əsgər-zabitlər, bir sözlə, qalibiyyətdə payı olan heç kəs unudulmayacaq.