• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1953
— 02.10.2021 20:36

Biz Ermənistanla normal münasibətlər qurmaq istəyirik

KepezTV Player

Prezident İlham Əliyev İspaniyanın EFE informasiya agentliyinə müsahibə verib. Dövlət başçısı azərbaycanlıların işğaldan azad olunan əırazilərə köçürülməsindəki maneələrdən, kommunikasiyaların açılması sayəsində mümkün olacaq işlərdən danışıb.

Əslində, danışıqlar və təmaslar başlayıb. Azərbaycan, Ermənistan və Rusiyanın Baş nazirlərinin müavinləri səviyyəsində əməkdaşlığın formatı mövcuddur və bu format kommunikasiyaların açılması məsələsinə həsr olunub. Həmçinin bu yaxınlarda BMT Baş Assambleyasının sessiyası çərçivəsində Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin görüşü baş tutub. Bu, müharibə bitəndən sonra birinci dəfə baş verib. Hesab edirəm ki, görüş konstruktiv və ümidverici olub - deyən prezident bir daha vurğulayıb ki,bizim mövqeyimiz müharibə bitəndən sonra dəyişməz olaraq qalır.

Biz Ermənistanla hər iki ölkənin ərazi bütövlüyünün qarşılıqlı tanınması əsasında normal münasibətlər qurmaq istəyirik. Biz dərhal sərhədlərimizin delimitasiyasına və əlbəttə ki, bu proses bitəndən sonra demarkasiyasına başlamağa hazırıq. Həmçinin biz gələcək sülh sazişi üzərində Ermənistanla işləməyə başlamağa hazır olduğumuzu bildirmişik. Bütün bu təşəbbüslər tərəfimdən və digər Azərbaycan rəsmiləri tərəfindən dəfələrlə vurğulanmışdır. Lakin əfsuslar olsun ki, Ermənistan hələ də buna müsbət cavab verməyib. Beləliklə, bizim mövqeyimiz dəyişməz olaraq qalır və bəzi addımlar var, lakin hesab edirəm ki, biz bu il ərzində daha çox irəliləyişə nail ola bilərdik.

Dövlət başçısının jurnalistin "sizin bu gün baş nazir Paşinyanla bir araya gəlməyə heç bir niyyətiniz yoxdur?" sualına cavabı isə belə olub.

Mən hazıram və mövqeyimi artıq ifadə etdim. Ermənistan tərəfi hazırdırsa, mən də hazıram. Bizim bir görüşümüz olmuşdur və o, Rusiya Prezidenti Vladimir Putinin dəvəti əsasında bu ilin əvvəlində üçtərəfli formatda keçirilmişdir. Mən cənab Paşinyanla o, hazır olanda istənilən zaman danışmağa hazıram. Beləliklə, mən bu müzakirələrə açığam və hesab edirəm ki, bu, müharibənin bitdiyinin və həmin səhifənin çevrildiyinin yaxşı göstəricisi ola bilər. Bu, çox vacibdir. Çünki biz hələ də Ermənistan siyasi isteblişmentində revanşizm cəhdlərini nümayiş etdirən bəyanatları, tarixən və beynəlxalq hüquq əsasında bizə məxsus olan əraziləri təkrar ələ keçirmək üçün gələcək planların qurulması cəhdlərini görür və eşidirik. Buna görə, Ermənistan hökumətinin iradəsi, ciddi iradəsi, təkcə sözlər, bəyanatlar yox, əməllər müharibənin bitməsini və bizim sülh dövrünə doğru irəlilədiyimizi nümayiş etdirəcək.

30 illik danışıqlar prosesi ərzində Azərbaycanın mövqeyi çox konstruktiv olub

Prezident bildirib ki,30 illik danışıqlar prosesi ərzində Azərbaycanın mövqeyi çox konstruktiv olub.Ermənistan tərəfi həmişə “Dağlıq Qarabağ” adlandırdıqları ərazi üçün müstəqillik tələb edirdilər. Lakin bu gün, müharibə bitəndən və münaqişə öz həllini tapdıqdan sonra artıq mövcud olmayan “qurumun” statusu haqqında danışmağın yeri yoxdur. Bu gün Rusiya sülhməramlılarının məsuliyyət daşıdığı ərazidə - Qarabağda yaşayan 25 minə yaxın etnik erməni Azərbaycan vətəndaşlarıdır. Onların fərqli dini və ya etnik mənşəyi olan istənilən digər Azərbaycan vətəndaşı kimi eyni hüquqları, imtiyazları və öhdəlikləri olacaq. Dövlət başçısı ermənilərin dırnaqarası müharibə əsirləri məsələsinə də münasibət bildirib. "Onlar müharibə əsirləri deyil, onlar azərbaycanlı mülki əhaliyə və hərbçilərə hücum etmək məqsədilə göndərilmiş terrorçu və diversiya qrupunun üzvləridir. Buna baxmayaraq, biz bu müddət ərzində onların bəzilərini geri qaytardıq ki, bu da xoş məramın göstəricisi idi".

Ermənistan tərəfindən işğal altında olmuş keçmiş ərazilərdə basdırılmış minaların xəritələrinə gəldikdə, burada söhbət yüz minlərlə minadan gedir. İlkin olaraq, minalanmış ərazilərin xəritələri tərəfimizdən tələb edildikdə, Ermənistan hökuməti ən yüksək səviyyədə bəyan edirdi ki, onlarda belə xəritələr yoxdur. Müharibə bitdiyi bir ilə yaxın dövrdə Ermənistanın xəritələri bizə verməməsi nəticəsində mülki vətəndaş və hərbçilərimiz arasında 150 nəfər həlak olmuş və ya ağır yaralanmışdır. Bu yaxınlarda bəzi xəritələr təqdim edilib, lakin həmin xəritələrin dəqiqliyi yalnız 25 faizdir. Beləliklə, bizim tələbimiz ondan ibarətdir ki, Ermənistan bizə dəqiq xəritələr təqdim etsin. Həmin xəritələrdə minalanmış ərazilər yox, - onsuz da onlar hər yerə mina basdırıblar, - minaların dəqiq yerləri göstərilsin. Belə xəritələr onlarda var. Bunu etsələr, xoş niyyət nümayiş etdirsələr, biz buna adekvat cavab verəcəyik.

Mülki əhalinin işğaldan azad olunan ərazilərə qayıtmasının ilk maneələri minalardır

Avropa İttifaqı delimitasiya prosesində iştirak etmək və hər iki tərəfi razılığa gətirməklə bağlı niyyətini ifadə edib deyən prezident bildirib ki,biz belə təşəbbüsləri dəstəkləyirik. Lakin Ermənistan tərəddüd edir.Avropa İttifaqı Ermənistan üçün 2.6 milyard avro həcmində iqtisadi yardım paketinin hazırlanması prosesindədir. Həmin həcmdə məbləğin eyni şərtlərlə Azərbaycana da təklif edilməsi ölkənin gözləntiləri arasındadır. Çünki işğaldan əziyyət çəkən ölkə Azərbaycandır. Bizim 10 min kvadratkilometr sahəyə malik olan, tamamilə dağıdılmış ərazimiz, yüzlərlə şəhər və kəndlərimiz var. Mülki əhalinin işğaldan azad olunan ərazilərə qayıtmasının ilk maneələri isə minalardır.

Əlbəttə, burada ilk maneə minalardır. Ərazilər minalardan təmizlənməyincə biz insanları geri qaytara, həyatlarını təhlükə altında qoya bilmərik. Dəfələrlə dediyim kimi, bu işdə bizim əsas rəqibimiz zamandır. Biz minalardan təmizləmə işini özümüz həyata keçiririk. Biz Minatəmizləmə Agentliyimizin heyətini artırmışıq. Bu prosesdə iştirak edən hərbçilərimizin də sayı artırılıb. Lakin bu, vaxt tələb edir. Bununla belə, minaları təmizlədiyimiz yerlərə gəldikdə, biz mülki əhali üçün artıq qəsəbələri, şəhərləri və kəndləri tikməyə başlamışıq. Birinci gördüyümüz iş tələbatların və infrastrukturun tam nəzərdən keçirilməsi oldu. Elektrik enerjisi infrastrukturu bu ilin sonuna, yəni bir neçə aydan sonra tam hazır olacaq. Eyni zamanda, yollara və su təchizatına aid olan məsələlər də vacibdir. Biz artıq bir neçə ay əvvəl pilot layihə olaraq kəndlərdən birinə sərmayə qoymağa başlamışıq və ola bilsin, bu ilin sonuna və ya gələn ilin əvvəlinə həmin kənd ilk sakinləri qəbul edə biləcək. Bu proses artıq gedir. Bütün şəhərlər üçün baş planlar hazırlayırıq. Sonra isə kəndlər üçün bunu edəcəyik. Azad olunmuş ərazilərin yenidən qurulmasına yalnız bu il üçün 1 milyard 300 milyon dollar həcmində vəsait ayırmışıq.

Beləliklə, bunun başlamasının dəqiq vaxtını söyləmək çətindir. Lakin proses mərhələli şəkildə başlayacaq. Qeyd etdiyim kimi, birinci mərhələ bir neçə ay davam edəcək.

Bu gün Türkiyə və Rusiya qonşu dövlət kimi sabitlik, təhlükəsizlik və gələcək inkişaf sahəsində çox mühüm rol oynayırlar. Artıq yeni reallıqlar yaranıb. Təkcə Azərbaycanın güclü təşviq etdiyi kommunikasiyaların açılması sayəsində region ölkələri arasında dərhal ticarət dövriyyəsini artıra, on minlərlə iş yeri aça bilərik. Bununla belə, qarşılıqlı ticarət güclənsə, müsbət dinamikaya diqqət yetirilsə, regionumuz gərginlik məkanından sabitlik və sülh regionuna çevriləcək. Ölkə başçısı Azərbaycanın Cənubi Avropa ölkələrinə təbii qazı nəql etməyə başlamasından da danışıb. Bildirib ki,Azərbaycanda təbii qazın təsdiq edilmiş ehtiyatları öz istehlakımız və ixrac üçün ən azı 100 ilə kifayət edər.Avropaya əlavə qaz nəqli məsələsindən də bəhs edilib.

Texniki və kommersiya baxımından mümkün deyil. Cəmi bir və ya iki ay qalır. Lakin əgər indi başlasaq, fikrimcə, biz növbəti qış üçün hazır olacağıq. Həcmlərin artırılması üçün potensial var və üstəgəl, biz özümüz və xarici investorlar hazırda bərpa olunan enerjiyə sərmayə yatırırıq. Bu səbəbdən, özümüz istehlak etdiyimiz təbii qazı ixraca yönəldə biləcəyik, çünki bunu günəş və külək enerjisi ilə əvəz edəcəyik. Beləliklə, qeyd etdiyim kimi, bu halda potensial çox böyükdür. Boru kəməri istismar edilir. Gələcəkdə biz təchizatımızın coğrafiyasını Avropada Balkanlara və Şərqi Avropanın bir sıra digər ölkələrinə qədər genişləndirə bilərik. Bu, istehlakçılar və bizim üçün, o cümlədən şirkətlər və hər kəs üçün enerji təhlükəsizliyi baxımından yaxşı olardı.