• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 923
— 01.10.2021 16:09

Bu gündən ləğv edilən məhdudiyyətlər

KepezTV Player

Əhali arasında koronavirusa yoluxma sürətinin sağalma dinamikası nəzərə alınaraq bu gündən etibarən tətbiq edilən bir sıra məhdudiyyətlər yumşaldılıb. Sanitar-epidimioloji vəziyyətdən asılı olaraq mövcud məhdudiyyətlərin daha bir qisminin aradan qaldırılması arxayınlıq yaratmamalı, özünüqoruma tədbirləri yaddan çıxarılmamalıdır.

Bu gündən ölkə ərazisində COVİD -19 pandemiyası ilə əlaqədar tətbiq edilən istirahət və əyləncə məkanlarının, uşaq əyləncə mərkəzlərinin, ümumi tutumunun 50 faizindən çox olmamaq şərtilə mədəniyyət obyektlərinin bağlı qalan qapıları açılıb. Bu sırada kinoteatr və teatrların fəaliyyətinin bərpası da var.

Ötən ilin mart ayından etibarən tamaşalara fasilə verən Gəncə Dövlət Kukla Teatrı da fəaliyyətini bərpa edib. Bu gündən etibarən məhdudiyyətlərin bir qisminin ləğv olunmasını fürsət bilən teatrın kollektivi şəhid və qazi övladlarını sevindirmək qərarına gəlib. Teatrda "Bremen musiqiçiləri" adlı tamaşanın nümayişi olub.

Həftə sonları ictimai nəqliyyat da işləyəcək. Bu istiqamətdə sürücülərin müvafiq COVİD-19 pasportunun mövcudluğunu yoxlamaq məqsədilə Gəncədə reyd keçirilib. Keçirilən reyd zamanı tələb olunan tibbi vasitələr, sürücülərin COVİD-19 pasportları yoxlanılıb, yol hərəkəti iştirakçılarına pandemiya ilə bağlı qaydalara riayət olunması ilə bağlı müvafiq tövsiyələr verilib.

Zəngin fondu olan Gəncə Şəhər Mərkəzi Kitabxanası da bu gündən etibarən oxucularını qəbul edir. Kitabxanaya 258 yeni kitab da gətirilib.

Sözügedən iş və xidmət sahələri gecə saat 12-dək xidmət göstərməlidir. İşçilər, eləcə də istirahət mərkəzlərinə gələn yaşı 18-dən yuxarı şəxslərdən COVID-19 pasportu tələb olunacaq. Əks göstəriş sertifikatı da keçərlidir.

 

Valeh Anaroğlu