Vətən müharibəsi günlərində xalqımız üçün səciyyəvi olan ən mühüm cəhətlərdən biri də milli birlik və həmrəyliyin sarsılmazlığı faktoru idi. Vətənpərvərlik xalqın qan yaddaşı, şəxsiyyəti səciyyələndirən ən yüksək əxlaqi- etik keyfiyyətdir. Bu keyfiyyət xalqımızın həyatında həmişə başlıca meyar kimi formalaşıb. Ötən ilin son aylarına təsadüf edən, Azərbaycanın böyük zəfəri ilə yekunlaşan Vətən müharibəsi günlərində həm ön, həm də arxa cəbhədə baş verən proseslər bu deyilənləri bir daha təsdiqlədi.
27 sentyabr 2020-ci il... Sadəcə rəqəmlərin ardıcıllığı deyil. Tarixdir. Həm də bir hissəsi yox, tarixin özü. Özümüz də bu tarixin özünü yaşaya-yaşaya sanki yuxuda idik. Ayılmağı istəmədiyimiz, qarşı tərəfi ayıltdığımız yuxuda...Əslində isə bu reallıq idi. İllərlə bu həqiqətə kor qalanların gözlərini açan reallıq...44 gün davam edən Vətən müharibəsini şərh etsək, görərik ki, ən böyük qazancımızın adı Zəfər oldu. Amma zəfərdən doğanlar da oldu. Bəs o məqamlar hansılardır?!
Vətən müharibəsinin önəmi və əhəmiyyəti həm də ondan ibarət oldu ki, dünya Azərbaycanın 30 il ərzində haqq savaşına necə hazırlaşdığına şahidlik etdi. Hər kəs şahid oldu ki, biz əzmli və mübariz ordu qurmuşuq. Bununla da dünya hərb tarixində yeniliyə imza atdıq.
İkinci Qarabağ müharibəsi Azərbaycan xalqının tarixinə qızıl hərflərlə yazıldı. Bu müddət ərzində “torpaq”, “vətən”, “bayraq”, “milli həmrəylik”, “vətənpərvərlik” kimi dəyərlərin xalqımızda xüsusi yer tutduğunun bir daha şahidi olduq. Və onun da şahidi olduq ki, Azərbaycan əbədi və əzəli torpaqlarını öz gücü ilə almağa qadirdir.
Bu fəxarəti bizə yaşadan Azərbaycan Ordusuna qüvvət, şəhidlərimizə rəhmət, qazilərimizə sağlıq diləyi ilə...
Aişə Rzayeva
- Baxış: 282