• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1803
— 21.08.2021 20:36

Qərb bölgəsində ilk: Biotexnologiya Mərkəzi fəaliyyətə başlayıb

KepezTV Player

Bitkilərin mikroklonal çoxaldılması prosesi müasir dünyada ən çox tətbiq edilən çoxaldılma üsullarından biridir. Bu üsul vasitəsilə qısa müddət ərzində çoxlu sayda bitki əldə etmək mümkündür. Qərb bölgəsində Azərbaycan Dövlət Aqrar Universitetinin nəzdində yaradılan Biotexnologiya mərkəzində bu məsələ diqqət mərkəzində saxlanılır.

Biotexnologiya Mərkəzində bitkilərin müxtəlif stress amillərinə, xəstəliklərə qarşı davamlılığının müəyyən edilməsi məqsədilə molekulyar analizlər həyata keçirilir. Burada invitro şəraitində virussuz, xəstəlikdən azad edilmiş bitkilər alınır.

Gülşən Nəbiyeva ADAU-nun Biotexnologiya Mərkəzinin əməkdaşı: Hal-hazırda Biotexnologiya Mərkəzinin iqlim otağındayıq. Gördüyünüz kimi burada şaftalının calaq altısı qarnim, gilasın calaqaltısı isə maksimal 14 vardır. Burada hələ ki iki mərhələdə olan bitkilərimiz var. Birinci instasiya mərhələsində, ilkin eksplant götürdüyümüz, bir də ikinci mərhələ proreferasiya nümunəsi götürdüyümüz. Proreferasiya mərhələsində 300, instasiya mərhələsində olan 350 ədəd bitkimiz var. Mikroklanalların çıxarılmasının əsas mahiyyəti ondan ibarətdir ki, bir bitkini göstərim, baxın bir bitkidən ikinci bir bitki əmələ gəlib. Biz bunu digər çoxalma mərhələsinə köçürdəndə, bu bitkini ayrı bir qaba köçürdəcəyik. Və belə bir nəticəyə gəlirik ki, mikroklonal çoxalmadan bir bitkidən bir neçə bitki əmələ gəlir.

Qərb bölgəsində ilk olaraq Azərbaycan Dövlət Aqrar Universiteti tərəfindən yaradılan mərkəzdə elmi-tədqiqat və kommersiya məqsədli işləri də həyata keçirilmək mümkündür. Burada qida mühitinin hazırlanması və sterilizasiya otağı, iqlim otağı, əkin otağı və bir sıra laboratoriyalar fəaliyyət göstərir. Mərkəz müasir cihaz və avadanlıqlarla təchiz olunub.

Səmayə Hüseynova ADAU-nun Biotexnologiya Mərkəzinin əməkdaşı: Biotexnologiyalar mərkəzi mikroklonal çoxalma ilə yanaşı molekulyar analizlərin keçirilməsi üçün cihaz və avadanlıqlarla təchiz olunmuşdur. Bu cihazlardan biri də “Real Time PCR” cihazıdır ki, biz bu cihaz vasitəsilə invitro şəraitində yetişdirdiyimiz bitkilərdə hər hansı bir xəstəliyin və yaxud da genetik dəyişkənliyin olub-olmamasını müəyyən edə bilirik.

Son illərdə calaqaltılara tələbatın artması, bu sahədə idxalın çoxalması ölkə üçün keyfiyyətli tinglərin və meyvə calaqaltıların əldə olunmasına zəmin yaradıb. Sözügedən məkanda bu istiqamətdə də işlər davam etdirilir.

Könül Səfərova ADAU-nun Biotexnologiya Mərkəzinin əməkdaşı: Bizim fəaliyyət göstərdiyimiz bu otaqda əsasən steril şəraitdə bitkilərin invitro üsulu ilə mikroklonal çoxalması prosesi aparılır. Bundan əlavə üzüm, portağal bitkilərinin, dekorativ güllərin də əkininə başlanmışdır. Məqsədimiz bitkilərin, əsasən də meyvə bitkilərinin calaqaltılarının invitro üsulu ilə çoxaldılmasına yönəldilmişdir.

Biotexnologiya mərkəzində xəstəliklərdən azad olunmuş, sertifikatlaşmış bitkilərin gələcəkdə ölkə bazarlarına çıxarılması nəzərdə tutulub.

Valeh Anaroğlu