• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1697
— 10.08.2021 20:34

"Gənc Liderlər üçün Yay Universiteti"nə start verilib

KepezTV Player

Gəncədə "Gənclərin Davamlı İnkişaf Proqramı" çərçivəsində Azərbaycan Gənclər Fondunun dəstəyi, Davam Gənclər hərəkatının təşkilatçılığı ilə "Gənc Liderlər üçün Yay Universiteti" layihəsinə start verilib. 64 nəfər iştirakçının qatıldığı layihənin ilk günündə iştirakçılar 44 günlük Vətən müharibəsi dövründə Ermənistan silahlı qüvvələrinin mülki əhaliyə raket hücumları zamanı Gəncənin dağıntılara məruz qalan ərazisinə yollanıblar. Ziyarət zamanı terror aktı nəticəsində həyatını itirənlərin xatirəsi yad edilib. Daha sonra Heydər Əliyev Mərkəzində tədbirin rəsmi hissəsi baş tutub. "Gənc Liderlərin Gəncə Zirvəsi" adlı forumda Gəncə Şəhər İcra Hakimiyyətinin başçısının müavini Adil Tağıyev, millət vəkili Vüqar İskəndərov, Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov, "Davam" Gənclər Hərəkatının sədri Nihad Allahyarlı, Təşkilat Komitəsinin nümayəndələri və Gənc Liderlər iştirak ediblər. Sözügedən layihə 5 gün davam edəcək və layihənin sonunda gənclər sertifikat və qiymətli hədiyyələrlə təltif olunacaqlar.

Nihad Allahyarlı  "Davam" Gənclər Hərəkatının sədri: Biz düşünürük ki, hər ilin yay və qış fəsillərində ictimai fəal gənc liderlər üçün bu tipli layihələr həyata keçirək. Layihənin əsas məqsədi millət vəkilləri, ictimai xadimlər, müxtəlif istiqamətli təlimçilər bizim gənc liderlərimizə fərqli mövzularda təlimlər, seminarlar və panellər keçirlər. Öz həyat və siyasi təcrübələrini onlarla paylaşırlar.

Vüqar İskəndərov  millət vəkili: Yay Məktəbinə start verilməsi qələbəmiz dövrünə təsadüf edir, yəni artıq Azərbaycan gəncliyi, qələbə çalmış xalqın nümayəndələridir.Onların bu gün keçirilən yay məktəbində düşünürəm ki maraqlı fikirlər olacaq, vətənpərvərlik ruhunda debatlar təşkil olunacaq.

Fərid Təhməzov layihə iştirakçısı: Bu gün Gəncədə raket hücumları edilən əraziyə gəldik, çox təəssüf hissi keçiririk.Dinc əhaliyə qarşı edilən bu təcavüz, insanın ağlına sığmır.Düşmənlər içimizdə alov hissini oyandırdılar.

Naidə Aydınova layihə iştirakçısı: Hadisəni təsəvvürümdə canlandırdım.. Bilmirəm mən neynəyərdim, həqiqətən tutuldum.Mən erməni vandalizminin bu terroruna heç bir ad qoya bilmirəm. Bilmirəm buna necə cavab vermək olar, sözlə ifadə edə bilmirəm duyğularımı.

Valeh Anaroğlu