Şəmkirdə narkotik yetişdirən şəxslər saxlanılıblar. Külli miqdarda kultivasiya yolu ilə yetişdirilmiş çətənə kolları aşkar edilərək götürülüb.
Şəmkir Rayon Polis Şöbəsi Kür Polis Bölməsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Qəbələ rayon Nic kənd sakini Rizvan Abdullayev, Tovuz rayon sakin Elnur Hümbətov, Şəmkir rayon sakinləri Şahmar Hüseynov və Xəyal Həsənovun Şəmkirin Qapanlı kəndi ərazisində xüsusi aqrotexniki qaydada qulluq etməklə yetişdirdikləri çətənə bitkiləri aşkarlanıb. Əraziyə baxış zamanı oradan 345 ədəd, ümumi çəkisi 121 kq 800 qram olan çətənə, həmçinin həmin kollara xüsusi qulluq göstərmək üçün zəruri alətlər aşkar edilərək götürülüb. Dindirilmə zamanı saxlanılan şəxslər bu ilin mayında bir araya gələrək narkotik vasitə becərmək barədə qərar verdiklərini etiraf ediblər.
Götürülmüş maddi sübutlar müvafiq ekspertizaya təqdim olunub. Dindirilmə zamanı saxlanılan şəxslər çətənə kollarını şəxsi istifadə məqsədi ilə becərdiklərini bildirsələr də, digər xüsusatlar da istisna edilmir. Faktla bağlı Şəmkir RPŞ-nin İstintaq Bölməsində cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.
- Baxış: 789