• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1081
— 08.07.2021 19:53

Vətən müharibəsində kəndin ilk şəhidinin xatirəsinə bulaq inşa edildi

KepezTV Player

Vətən müharibəsinin qəhrəmanlarını tanıtmaqda davam edirik. Baş leytenant Fuad Məhərrəmov ikinci Qarabağ müharibəsində doğulduğu Goranboy rayonunun Zeyvə kəndinin ilk şəhidi olub. Döyüş meydanında əsl qəhrəmanlıq göstərərək adını Azərbaycanın şanlı tarixinə yazdıran Məhərrəmovun əziz xatirəsini əbədiləşdirmək üçün yaşadığı kənddə onun xatirəsinə bulaq açılıb.

Vətən müharibəsindəki şanlı qələbəyə qədər döyüş bölgəsi sayılan Goranboyun Zeyvə kəndində doğulub boya-başa çatan 27 yaşlı Fuad Məhərrəmov gözünü açandan mərmi, silah səsi eşidib. Həmişə də mənfur düşməndən qisas almaq eşqi ilə yaşayıb. Elə bu istək, bu arzu onu yolunu Heydər Əliyev adına ali hərbi məktəbə salıb. Məktəbi əla qiymətlərlə bitirən Fuad Məhərrəmov savadlı, bacarıqlı zabit kimi öz istəyi ilə, ön xətdə yerləşən hərbi hissələrdən birində xidmətə başlayıb. 44 günlük Vətən müharibəsində ilk döyüşə atılan igid oğullarımızdan biri olub. Füzulinin azadlığı uğrunda böyük şücaət göstərib, düşmənə sarsıdı zərbələr vurub. Oktyabrın 15-də şəhid olan baş leytenant Fuad Məhərrəmovun nəşi oktyabrın 30-da döyüş meydanından çıxarılıb.

Billurə Məhərrəmova - şəhidin bacısı: Vətənpərvər idi. O Xocalı hadisələrini görəndən sonra onun zabit, hərbiçi olmaq arzusu var idi ki, gedib onların qanını alsın. Biz özümüz də sərhəd bölgəsində yaşıyırıq, topu tüfəngi görmüş adamlarıq. Kəndimizə neçə dəfə atıblar. Fuad bunları görə-görə yaşıyıb və öz həvəsi, istəyi ilə Heydər Əliyev adına ali hərbi məktəbə daxil olub. Harda döyüşdüyünü necə etdiyini bizə demirdi. Çünki o istəmirdi ki, onun ailəsi həyacan keçirsin. Həmişə deyirdi məndən narahat olmuyun. Telefonda ağlıyanda da deyirdi nə olub, niyə aölayırsın sağsalamatam narahat olmuyun.

İbadət Məhərrəmova - şəhidin anası: Ərizə verdi posta da yazıldı. Düşmənlə üzbəüz oldu. Heç onu bizə demədi. Yanına gedirdik bizi qoymurdu ki, biz gedib görmüyək ki, Fuad hardadır. Düz axıra kimi döyüşübdür. Axır döyüşdən gəlib deyiblər ki, ay Fuad istəyirsən iki gün fasilə elə ağır döyüşdən gəlibsən. Eşidib ki, İlkin adlı yaxın dostu var o şəhid olub. Fuad vuruşa-vuruşa gedib hamıdan qabaqda olub. Hamıdan axırda Fuadı çıxardılar, qəhrəmancasına vuruşub.

5 bacının tək qardaşı olan igid, qəhrəman zabitimizin döyüş meydanında göstərdiyi şücaət dövlət başçısı İlham Əliyev tərəfindən yüksək qiymətləndirilib. Ali baş komandan Fuad Məhərrəmovu 3 medala layiq görüb.

İmaməddin Məhərrəmov - şəhidin atası: Müharibə ayın 27-də başladı o gündən döyüşdə idi. Fizulinin azadlığına görə çox gərgin döyüşlərdə iştirak edib. Mənim oğlum igiddir. Mən onunla fəxr edirəm. Dövlət tərəfindən də qayğı göstərilir. Allah prezidentimizə can sağlığı versin. Ölümündən sonra da medallar verilib. Vətən uğrunda, igidliyə görə, Fizulinin azad edilməsinə görə medalları verildi. Oğlum həqiqətən cəsur döyüşçü idi.

Ailəsi baş leytenant Fuad Məhərrəmovun xatirəsinə kənddə bulaq inşa etdirib. Rayon rəsmiləri, ictimaiyyət nümayəndələri, kənd sakinlərinin iştirakı ilə keçirilən açılış mərasimində qəhrəman zabitin keçdiyi şərəfli döyüş yolundan danışılıb. Ali baş komandanın rəhbərlik etdiyi qüdrətli Ordunun, Fuad Məhərrəmov kimi igid oğullarımızın sayəsində cəmi 44 gün ərzində 30 illik işğala son qoyulduğu vurğulanıb. Bizə qələbə sevinci yaşadan şəhidlərimizin əziz xatirəsi anılıb, qazilərimizə şəfa arzulanıb. Kənd məktəbliləri vətənə, torpağa aid şeirlər səsləndirdikdən sonra şəhid bulağının açılışı olub.

Elnur Vahidoğlu