Azarkeşlərin AVRO-2020 həsrəti İtaliya və Türkiyə milli komandalarının qarşılaşdığı oyunla başa çatıb. Yarışın açılış matçı italyanların çempionatın favoritləri sıyahısında yer alacağını göstərib.
Romadakı "Olimpiko" stadionunda keçirilən görüşün ilk hissəsində qapılara qol vurulmayıb. Bununla belə, aşkar üstünlüyə malik İtaliya millisi 53-cü dəqiqədə fərqlənə bilib. Türkiyə yığmasının futbolçusu Merih Demiral uğursuz toxunuşla topu öz qapısına göndərib. Bu qol qitə çempionatlarının tarixinə düşüb. Belə ki, ilk dəfə birinci top avtoqolla vurulub. Hesab açıldıqdan sonra da hücum xəttində rəqibə təzyiqi davam etdirən skuadra adzurra bir qədər sonra ikinci məhsuldar zərbəyə sevinib. 66-cı dəqiqədə Çiro İmmobile çərçivəni dəqiq nişan alıb. Türkiyənin özünə bənzəməməsi, müdafiədə boşluqlar verməsi matçın irəliləyən vaxtında daha bir qola səbəb olub. 79-cu dəqiqədə Lorentso İnsinye fərqlənərək görüşdə son nöqtəni qoyub. 3:0. Beləliklə, məğlubiyyətlə üzləşən ay-ulduzlular yığmanın tarixi ərzində dünya və avropa çempionatlarının 7-ci start matçında da qələbə üzünə həsrət qalıb.
- Baxış: 1041