“COVİD 19” testinin nəticələrinə dair tibbi arayışların saxta olması faktına görə cinayət işi başlanıb. Baş Prokurorluqdan bildirilib ki, Gəncə Hava Limanında Gəncə-Sankt-Peterburq aviareysi ilə səyahət etmək istəyən sərnişinlərin koronavirus infeksiyasının müayinəsinə dair “Leyla Medical Center” və “Oxygen” klinikasından verilən tibbi arayışların saxta olması barədə informasiyalar araşdırılıb. “ƏSR” və “Arkan Tour” MMC-nin vəzifəli şəxslərinin 96 nəfərin Gəncə Beynəlxalq Hava Limanından Sankt-Peterburqa səyahət etməsini təşkil etmək məqsədilə klinikaların məlumatı olmadan onların adından tərtib edilmiş neqativ test nəticələri ilə bağlı saxta sənədləri sərnişinlərə müəyyən məbləğə satmasına əsaslı şübhələr müəyyən edilib. Fakta görə həmin vəzifəli şəxslər barəsində cinayət işi başlanıb. İstintaq davam etdirilir.
- Baxış: 532