• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1405
— 28.05.2021 16:24

Prezident İlham Əliyev təməlqoyma mərasimlərində iştirak edib

KepezTV Player

Ağdama səfər edən Prezident İlham Əliyev Bərdə-Ağdam avtomobil yolunun, Ağdam şəhərində inşa olunacaq ilk yaşayış binasının, Ağdam Sənaye Parkının, Ağdam şəhər 1 saylı məktəbin yeni binasının təməlini qoyub. Dövlət başçısına Ağdam şəhərinin baş planı təqdim olunub. Prezident Ağdam şəhərinin bərpasının təməl daşının qoyulması mərasimində iştirak edib, ağac əkib. Dövlət başçısı Ağdamda Qarabağ xanlığının banisi Pənahəli xanın sarayının yerləşdiyi imarət kompleksində, Qiyaslı məscidində, Şahbulaq qalasında olub. Ağdamda Zəfər muzeyi və açıq hava altında İşğal muzeyi yaradılacaq. Prezident İlham Əliyevə yeni muzeylər barədə məlumat verilib.

Dövlət başçısı Ağdam ictimaiyyətinin nümayəndələri ilə görüşü zamanı bildirib ki, bu gün tarixi gündür. Çünki bu gün azad edilmiş torpaqlarda birinci Baş Plan artıq təsdiqlənir. Şuşa şəhərinin Baş Planı bir müddətdən sonra təsdiqlənəcək. Füzuli, Cəbrayıl və digər şəhərlərin Baş Planları üzrə iş gedir. Şəhərin içində 125 hektarlıq meşə zolağı olacaq. Süni göl yaradılacaq, kanallar, körpülər inşa olunacaq. "İşğal dövründə Ağdam şəhərinin dağıntılarını, o şəhərin bir hissəsini mən təmas xəttində dəfələrlə olarkən binokl ilə görürdüm. Hər dəfə, bu dağıntıları uzaqdan seyr edərkən öz-özümə deyirdim ki, biz mütləq qayıdacağıq. Nəyin bahasına olursa-olsun qayıdacağıq. Tarixi ədaləti bərpa edəcəyik. Düşməni torpağımızdan qovacağıq və buna nail olduq" deyən dövlət başçısı vurğulayıb ki, bu gün Ermənistan tərəfi öz təxribatçı əməllərindən əl çəkmir. "Əgər biz görsək ki, xalqımızın, dövlətimizin təhlükəsizliyinə zərrə qədər təhlükə varsa, dərhal yerindəcə düşməni məhv edəcəyik.Onlar da bizim gücümüzü bilirlər və görürlər. Ona görə son günlər ərzində Azərbaycan-Ermənistan sərhədi ərazisində Ermənistan ordusu tərəfindən törədilmiş təxribat, təbii ki, cavabsız qalmamalı idi və qalmadı. Növbəti dəfə rəzil oldular, növbəti dəfə biabır oldular". Sitatın sonu.